backend

Türkiyədən gələn qonaqla “Tolerantlıq Evi” ziyarət olunub

Türkiyədən gələn qonaqla birlikdə “Tolerantlıq Evi”nə ziyarət həyata keçirilib.

Ziyarət zamanı Azərbaycanın zəngin tolerantlıq ənənələrini, multikultural irsini və dini müxtəlifliyini əks etdirən ekspozisiyalarla yaxından tanış olunub. Bildirilib ki, “Tolerantlıq Evi” ölkəmizdə əsrlər boyu formalaşmış birgəyaşayış mədəniyyətinin, fərqli din və mədəniyyətlərə hörmət prinsiplərinin qorunması və təbliği məqsədilə yaradılmış mühüm mədəni-maarifləndirmə məkanıdır.
Qonaqlar İslam, Xristianlıq və Yəhudilik dinlərinə, eləcə də Azərbaycanın multikulturalizm və dini müxtəliflik ənənələrinə həsr olunmuş stendlərlə tanış olublar. Ekspozisiyalarda ölkəmizdə müxtəlif dini konfessiyaların və etnik qrupların tarix boyu sülh, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşamasını əks etdirən zəngin məlumatlar təqdim olunub.
Qeyd edilib ki, olduqca maraqlı və yaddaqalan keçən bu ziyarət Azərbaycanın tolerantlıq modelini daha yaxından tanımaq, ölkəmizdə formalaşmış multikultural dəyərlərin mahiyyətini dərk etmək baxımından xoş təəssüratlar yaradıb.
Vurğulanıb ki, “Tolerantlıq Evi” Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi tolerantlıq və multikulturalizm siyasətinin mühüm təzahürlərindən biridir. Mərkəz 16 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın maddi və mənəvi dəstəyi ilə yaradılıb.
Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən “Tolerantlıq Evi”nin əsas məqsədi Azərbaycanın qədim multikulturalizm dəyərlərini yaşatmaq, müxtəlif dini və etnik qrupların mədəni irsini qorumaq, cəmiyyətdə tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə töhfə verməkdir. Qurumun sədri Şeyxülislam Allahşükür Paşazadə, “Tolerantlıq Evi”nin direktoru isə Fatma Paşazadədir.