backend

Deputat Anar İsgəndərov Biləsər və Alazəpin kəndlərində seçicilərlə görüşüb

Milli Məclisin deputatı Anar İsgəndərov əvvəlcədən təsdiq olunmuş qrafikə uyğun olaraq iyulun 11-də 78 saylı Lənkəran kənd seçki dairəsinə daxil olan Biləsər və Alazəpin kəndlərində vətəndaşlarla növbəti görüşünü keçirib.

Qaynarxett.az xəbər verir ki, görüşdə kənd icra nümayəndəsi Cəmil Həbibli, Biləsər kənd tam orta məktəbinin direktoru Aygün Babayeva, Alazəpin kənd məktəbinin direktoru Eldost Həsənov və deputatın köməkçisi Valeh Mikayılov iştirak ediblər.
Deputat görüş zamanı Biləsər və Alazəpin kəndlərinin zəngin təbiətə, meşə və dağlarla əhatə olunan füsunkar coğrafiyaya malik olduğunu, vaxtilə limon, naringi, portağal bağları və çay plantasiyaları ilə tanındığını qeyd edib. O bildirib ki, SSRİ-nin dağılması dövründə kənd təsərrüfatının düzgün idarə olunmaması nəticəsində bu sahələrə ciddi ziyan dəyib və bu da kəndlərin inkişafına mənfi təsir göstərib.
İcra nümayəndəliyinin həyətində keçirilən görüşdə sakinlər yol, qaz, elektrik enerjisi, oduncaq təminatı, məktəb binasının təmiri və digər sosial problemlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar. Müraciətlərin bir qisminin yerində həlli mümkün olub, digər məsələlərin isə aidiyyəti dövlət qurumları qarşısında qaldırılması üçün qeydə alındığı bildirilib.
Səfər çərçivəsində Anar İsgəndərov Alazəpin kəndində Vətən uğrunda canından keçmiş şəhidin məzarını ziyarət edib, daha sonra şəhid ailəsi ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıb.
Görüşün sonunda vətəndaşların şifahi müraciətlərinin aidiyyəti qurumlara çatdırılması və onların müsbət həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi qeyd olunub.