Pirallahı Gənclər Evində uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-poeması əsasında rejissor Səidə Haqverdiyevanın quruluş verdiyi tamaşa nümayiş etdirilib. Tədbirdə iştirak edən Pirallahının azyaşlı sakinləri tamaşanı böyük maraq, sevinc və həvəslə izləyiblər.
Deputat Günay Əfəndiyeva bildirib ki, uşaqların milli-mədəni dəyərlərimizi təbliğ edən tədbir və layihələrə cəlb olunması, onların sağlam mənəvi mühitdə formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu cür mədəni layihələr gənc nəslin estetik zövqünün inkişafına və milli-mənəvi irsimizə bağlılığının gücləndirilməsinə mühüm töhfə verir.
Günay Əfəndiyeva layihənin həyata keçirilməsində göstərilən əməkdaşlığa görə Pirallahı Rayon İcra Hakimiyyətinə, eləcə də Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı və istedadlı kollektivinə təşəkkürünü ifadə edib. Bu kimi təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.








