backend

ETİHİ Salyan Rayon Komitəsi Aminə Ağalarovanın 80 illik yubileyini qeyd edib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Salyan Rayon Komitəsi uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş Aminə Məlik qızı Ağalarovanın 80 illik yubileyi münasibətilə onu təbrik edib.

Qaynarxett.az xəbər verir ki, ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova yubilyarı ziyarət edərək ona ən xoş arzularını çatdırıb, uzunömürlülük, möhkəm cansağlığı və firavan həyat arzulayıb.
Bildirilib ki, Aminə Ağalarova əmək fəaliyyətinin böyük hissəsini məktəbəqədər təhsil müəssisələrinin rəhbəri kimi keçirib. O, uzun illər ərzində körpələrin mənəvi, əqli və fiziki inkişafının formalaşmasına mühüm töhfələr verib, zəngin pedaqoji təcrübəsi, yüksək peşəkarlığı və nümunəvi idarəçilik fəaliyyəti ilə həm həmkarlarının, həm də valideynlərin böyük hörmət və rəğbətini qazanıb.
Komitə sədri Aynur Əsgərova çıxışında vurğulayıb ki, Aminə Ağalarovanın uzun illər ərzində təhsil sahəsinə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib və onun qazandığı nüfuz, sevgi və etimad həyat yolunun ən dəyərli göstəricilərindəndir.
"Sizin ömür yolunuz gənc nəsillərin tərbiyəsinə həsr olunmuş mənalı və şərəfli bir həyat nümunəsidir. Qazandığınız hörmət və nüfuz ən böyük sərvətinizdir", – deyə komitə sədri qeyd edib.
Görüş zamanı yubilyara xoş arzular çatdırılıb, ona hədiyyə təqdim olunub. Daha sonra Aminə Ağalarova və ailə üzvləri ilə xatirə şəkilləri çəkdirilib.
Yubilyar ona göstərilən diqqət və ehtirama görə ETİHİ Salyan Rayon Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib, bu qayğının onun üçün xüsusi mənəvi dəyər daşıdığını vurğulayıb.