Əsas məqsəd vətəndaş mərkəzli sistem qurmaqdır
Bu gün bütün sahələrdə rəqəmsallaşmaya keçid müşahidə olunur. Bəzi sahələrdə isə bu keçidin sürətli olması zamanın tələbidir. Səhiyyə də məhz belə sahələrdəndir. Durmadan inkişaf edən tibdə süni intellektin və rəqəmsal həllərin tətbiqi səhiyyə sisteminin daha səmərəli, əlçatan və innovativ şəkildə fəaliyyət göstərməsinə imkan yaradır. Azərbaycanda elektron resept, onlayn növbə sistemi, elektron xəstəlik tarixçəsi və digər bir çox istiqamətdə rəqəmsal keçidlə bağlı layihələr hazırlansa da, praktik olaraq rəqəmsal tranformasiya tam müşahidə olunmur.
Rəqəmsal transformasiya səhiyyə sistemində xidmətə çıxışı asanlaşdırmaqla, vaxt itkisinin və uzun növbələrin qarşısını ala bilir. Eyni zamanda diaqnostikanın dəqiqliyini artırır və idarəetmədə şəffaflığın güclənməsinə şərait yaradır. Ümumilikdə, səhiyyədə rəqəmsal transformasiya yalnız texnoloji yenilik deyil, həm də vətəndaşyönümlü, əlçatan tibbi xidmətlər və davamlı səhiyyə sisteminin formalaşdırılmasına xidmət edən strateji inkişaf istiqamətidir.
Milli Məclisin deputatı Müşfiq MƏMMƏDLİ mövzu ilə bağlı açıqlamasında deyib ki, səhiyyə sistemində rəqəmsal transformasiya artıq seçim deyil, zərurətdir. Son illər bu istiqamətdə mühüm addımlar atılsa da, vətəndaşların gündəlik hiss etdiyi rəqəmsal xidmətlərin tam tətbiqi hələ başa çatmayıb.
Deputat hazırda rəqəmsallaşmaya ən çox tələb olunan istiqamətlərdən danışıb: "Elektron resept sisteminin tam tətbiqi bu gün ehtiyac duyulan əsas istiqamətdir. Bu sistem kağız reseptləri tam əvəzləməli, dərman təyinatlarının vahid bazada saxlanmasını təmin etməli, eyni zamanda dərman istifadəsinə nəzarəti gücləndirməlidir. Xüsusilə icbari tibbi sığorta çərçivəsində gələcəkdə ambulator dərman təminatının genişlənməsi üçün elektron resept əsas infrastruktur rolunu oynayacaq. Digər istiqamət isə mərkəzləşdirilmiş onlayn növbə sistemidir. Hazırda bir sıra tibb müəssisələrində ayrı-ayrı həllər olsa da, bütün dövlət tibb müəssisələrini əhatə edən vahid sistem tam fəaliyyət göstərmir. Vətəndaş mobil telefon vasitəsilə həkim seçə, onların boş vaxtlarını izləyə, növbəni dəyişə və qəbul tarixini dəqiqləşdirə bilməlidir. Bundan başqa, vahid elektron sağlamlıq kartı olmalıdır. Xəstənin analizləri, MRT və KT nəticələri, peyvəndləri, allergiyaları, əməliyyatları və istifadə etdiyi dərmanlar bir platformada toplanmalıdır. Bu, həm təkrar müayinələrin qarşısını alar, həm də diaqnostikanın keyfiyyətini artırar. Düzdür, bu istiqamətdə müəyyən işlər görülür. Belə ki, bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən Tibbi Rəqəmsal Əkiz platforması yaradılıb. Amma tibdə rəqəmsal istiqamətində işlər sürətləndirilməlidir".
M.Məmmədli qeyd edib ki, laboratoriya və görüntüləmə nəticələrinin inteqrasiyası da rəqəmsallaşamaya ehtiyac duyulan istiqamətlərdəndir. Müxtəlif xəstəxanalarda aparılmış analizlərin yenidən təkrarlanmasına ehtiyac qalmamalıdır. Həmçinin telemedisina xidmətləri genişləndirilməlidir. Xüsusilə regionlarda yaşayan vətəndaşların Bakıdakı ixtisaslaşmış həkimlərlə məsafədən konsultasiya imkanları artırılmalıdır.
Deputat vurğulayıb ki tibb sahəsində süni intellekt və qərar dəstək sistemləri formalaşdırımalıdır: "Radiologiya, patoloji, ailə təbabəti və risk qruplarının erkən müəyyən edilməsində süni intellektdən istifadə səhiyyənin növbəti inkişaf mərhələsidir. Bu istiqamətdə artıq müəyyən işlər görülür. Məsələn, icbari tibbi sığorta sisteminin rəqəmsal platformaları formalaşdırılıb, TƏBİB tabeliyindəki müəssisələrin böyük hissəsində xəstə məlumatlarının elektron idarə olunmasına başlanılıb, elektron göndəriş sistemi tətbiq edilib, rəqəmsal laborator informasiya sistemləri və elektron tibbi sənədlərin genişləndirilməsi istiqamətində işlər davam etdirilir, səhiyyə məlumat bazalarının inteqrasiyası və vahid rəqəmsal ekosistemin yaradılması üzrə layihələr həyata keçirilir. Lakin vətəndaşın əsas gözləntisi hələ tam qarşılanmayıb. İnsanlar rəqəmsal transformasiyanı yalnız layihələrdə deyil, gündəlik xidmətlərdə görmək istəyirlər. Elektron resept, vahid onlayn növbə, mobil tətbiq üzərindən bütün tibbi xidmətlərə çıxış və şəxsi elektron sağlamlıq kabineti artıq yaxın perspektivin deyil, bu günün tələbləridir".
M.Məmmədli bildirib ki, nəticə etibarilə, səhiyyənin rəqəmsallaşdırılmasının əsas məqsədi yalnız kağız sənədləri elektronlaşdırmaq deyil, daha əlçatan, şəffaf, daha sürətli və vətəndaş mərkəzli səhiyyə sistemi qurmaqdır. Bu istiqamətdə dövlət tərəfindən mühüm addımlar atılır.
Deputat hesab edir ki, növbəti mərhələdə elektron resept, vahid onlayn növbə sistemi və inteqrasiya olunmuş elektron sağlamlıq kartının tam tətbiqi rəqəmsal transformasiyanın əsas prioritetləri olmalıdır.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət







