backend

Gələcək inkişaf strategiyası

Rəqəmsal texnologiyaların qlobal inkişafın əsas istiqamətlərindən birinə çevrildiyi indiki mərhələdə dövlətlərin rəqabət üstünlüyünü müəyyən edən başlıca amillərdən biri insan kapitalıdır. Süni intellekt, rəqəmsal iqtisadiyyat və innovasiya ekosisteminin sürətli inkişafı göstərir ki, gələcəyin iqtisadiyyatında uğur qazanan ölkələr məhz bilik və yüksək texnoloji bacarıqlara malik kadr potensialını formalaşdıran dövlətlər olacaq. Azərbaycan da Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq rəqəmsal transformasiyanı iqtisadi modernləşmənin, dövlət idarəçiliyinin təkmilləşdirilməsinin və insan kapitalının inkişafının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu siyasətin həyata keçirilməsi istiqamətində görülən işlər iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında ətraflı müzakirə olunub. İclasda “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizlik və təhsilin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəzərdən keçirilib. Birinci vitse-prezident Mehriban Əliyeva çıxışında qeyd edib ki, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul olunub. Həmin qərarlara uyğun olaraq təsdiq edilmiş 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsini müəyyənləşdirir.
Mehriban xanım Əliyeva vurğulayıb ki, “Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir.” Bu yanaşma təsdiq edir ki, rəqəmsal transformasiya artıq ayrı-ayrı layihələrin məcmusu deyil, vahid dövlət idarəetmə modeli əsasında həyata keçirilən strateji inkişaf prosesidir.
Birinci vitse-prezident diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası Şuranın əsas fəaliyyət istiqamətidir. Onun sözlərinə görə, dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsi qarşıdakı dövrün əsas prioritetləridir. Mehriban xanım Əliyeva xüsusilə vurğulayıb ki, süni intellekt sahəsində qəbul ediləcək bütün qərarlar Azərbaycanın milli maraqlarına uyğun olmalıdır. Bu yanaşma rəqəmsal inkişafın texnoloji tərəfi ilə yanaşı, onun milli təhlükəsizlik və dövlət maraqları baxımından strateji əhəmiyyət daşıdığını da göstərir. Şuranın iclasında elm və təhsil naziri Emin Əmrullayev təhsil sisteminin rəqəmsallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verərək bildirib ki, “Rəqəmsal məktəb” layihəsinin genişləndirilməsi, elektron təhsil xidmətlərinin inkişafı, tədris prosesinin rəqəmsal transformasiyası, eləcə də “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələri vasitəsilə şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı dövlət siyasətinin əsas prioritetləri sırasındadır.
Bu gün ölkədə formalaşdırılan rəqəmsal təhsil infrastrukturu həmin hədəflərin reallaşdırılması üçün mühüm zəmin yaradır. Bütün təhsil müəssisələrinin təhlükəsiz internet şəbəkəsinə qoşulması, məktəblərə 235 mindən çox kompüterin paylanılması, bir kompüterə düşən şagird sayının 32-dən 6-ya endirilməsi və internet imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi tədrisin rəqəmsal mühitə uyğunlaşdırılması istiqamətində ardıcıl dövlət siyasətinin nəticəsidir. Hazırda 900 mindən artıq istifadəçini əhatə edən “Rəqəmsal məktəb” platforması müəllimləri, şagirdləri, valideynləri və məktəb rəhbərliyini vahid rəqəmsal mühitdə birləşdirir. Layihənin növbəti tədris ilindən region məktəblərini də əhatə etməsi nəzərdə tutulur. Bununla yanaşı, elektron attestat və diplomların tətbiqi, təhsil xidmətlərinin “mygov” platformasına inteqrasiyası və elektron xidmətlərin genişləndirilməsi vətəndaş məmnuniyyətinin artırılmasına və dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsinə xidmət edir.
Fəaliyyət Planında qarşıya qoyulan mühüm hədəflərdən biri də süni intellekt texnologiyalarının birbaşa tədris prosesinə inteqrasiyasıdır. Fərdiləşdirilmiş öyrənmə modellərinin tətbiqi, şagird nailiyyətlərinin məlumatlar əsasında təhlili, müəllimlərin inzibati yükünün azaldılması və təhsil prosesinin daha səmərəli idarə olunması bu istiqamətdə həyata keçiriləcək tədbirlər sırasında yer alır. Bütün bunlar göstərir ki, Azərbaycanda rəqəmsal təhsil siyasəti təkcə müasir texnologiyaların məktəblərə gətirilməsi ilə məhdudlaşmır. Məqsəd innovativ iqtisadiyyatın tələblərinə cavab verən, rəqəmsal bacarıqlara malik, yaradıcı düşünən və qlobal rəqabət mühitində uğur qazana biləcək insan kapitalının formalaşdırılmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal inkişaf strategiyası çərçivəsində təhsil sahəsində aparılan islahatlar da məhz Azərbaycanın uzunmüddətli inkişaf prioritetlərinə xidmət edir. Bu baxımdan rəqəmsal təhsilə yönəldilən investisiyalar ölkənin gələcəyinə qoyulan ən mühüm strateji sərmayələrdən biridir. Bütün bunlar göstərir ki, Azərbaycanda rəqəmsal təhsil siyasəti təkcə müasir texnologiyaların məktəblərə gətirilməsi ilə məhdudlaşmır. Məqsəd innovativ iqtisadiyyatın tələblərinə cavab verən, rəqəmsal bacarıqlara malik, yaradıcı düşünən və qlobal rəqabət mühitində uğur qazana biləcək insan kapitalının formalaşdırılmasıdır.
Təsadüfi deyil ki, Fəaliyyət Planında təhsil rəqəmsallaşmanın əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Çünki müasir texnologiyaların tətbiqi üçün ilk növbədə bu texnologiyaları yarada və idarə edə biləcək insan kapitalının formalaşdırılması tələb olunur. Məhz buna görə də rəqəmsal transformasiya ilə təhsil siyasəti artıq vahid strateji xətt üzrə həyata keçirilir. Dünyanın aparıcı iqtisadiyyatlarının təcrübəsi də göstərir ki, rəqəmsal iqtisadiyyatın dayanıqlı inkişafı ilk növbədə təhsil sisteminin müasirləşdirilməsindən keçir.

Pərvin Kərimzadə
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı