backend

Rəqəmsal inkişaf dayanıqlı gələcəyin təminatıdır

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səslənən fikirlər bu sahədə atılan mütərəqqi addımları xarakterizə edir. Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq ardıcıl şəkildə inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional və hüquqi islahatlar dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsini, innovasiya ekosisteminin inkişafını, süni intellekt texnologiyalarının tətbiqini və milli kibertəhlükəsizlik sisteminin gücləndirilməsini nəzərdə tutur. Bu istiqamətdə qəbul olunan qərarlar ölkənin rəqəmsal iqtisadiyyatının inkişafı və rəqəmsal suverenliyinin möhkəmləndirilməsi baxımından yeni mərhələnin əsasını təşkil edir.
Bu fikirləri YAP Təftiş Komisiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. O qeyd edib ki, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə rəqəmsallaşma, elektron hökumət, innovasiya və süni intellekt sahələrində dövlət siyasətinin yeni prioritetləri müəyyənləşdirilib: “Dövlət başçısının müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb, 2026–2028-ci illəri əhatə edən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı” təsdiq olunub. Sənəd rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində həyata keçiriləcək kompleks tədbirləri özündə birləşdirir və onların vahid koordinasiya əsasında icrasını təmin edir.
Mehriban xanım Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında da Fəaliyyət Planının icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsil sisteminin rəqəmsallaşdırılması istiqamətində görülən işlər müzakirə olunub. Birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, qarşıdakı dövrdə dövlət idarəçiliyində rəqəmsallaşmanın dərinləşdirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi və innovasiya ekosisteminin inkişafı Şuranın əsas fəaliyyət istiqamətlərini təşkil edəcək”.
Deputat bildirib ki, fəaliyyət Planının mühüm istiqamətlərindən biri dövlət xidmətlərinin vahid rəqəmsal platformada təqdim edilməsidir: “Bu məqsədlə “mygov” və “mygov Biznes” platformalarının funksionallığı genişləndirilir, müxtəlif dövlət qurumlarının informasiya sistemləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya olunur. Artıq bir sıra dövlət xidmətləri “mygov” platforması üzərindən təqdim edilir, sürücülük vəsiqəsinin dəyişdirilməsi, ali təhsil müəssisələrinə elektron qeydiyyat, məktəbəqədər təhsil müəssisələrinə qəbul və notariat xidmətlərinin bir hissəsi tam rəqəmsal formata keçirilib.
Eyni zamanda, dövlət xidmətlərinin proaktiv təqdim olunması istiqamətində işlər genişləndirilir. Yaşa görə əmək pensiyasının avtomatik təyin olunması mexanizmi artıq tətbiq edilir. Növbəti mərhələdə müavinətlərin təyin edilməsi, sənədlərin etibarlılıq müddətinin başa çatması barədə avtomatik bildirişlərin göndərilməsi və digər xidmətlərin vətəndaş müraciəti olmadan təqdim olunması nəzərdə tutulur.
Rəqəmsal transformasiya çərçivəsində Milli Məlumat Hövzəsinin yaradılması istiqamətində də işlər aparılır. Müxtəlif dövlət qurumlarında formalaşan məlumatların vahid platformada birləşdirilməsi analitik imkanların genişləndirilməsinə, süni intellekt texnologiyalarının tətbiqinə və vətəndaşlara fərdiləşdirilmiş dövlət xidmətlərinin göstərilməsinə imkan verəcək”.
Sevinc Hüseynova hesab edir ki, innovasiya sahəsində həyata keçirilən islahatlar Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi məqsədinə xidmət edir: “Hazırlanmış qanunvericilik paketi innovasiya fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsini, vençur maliyyələşdirilməsi mexanizmlərinin yaradılmasını, texnologiya şirkətləri üçün vergi stimullarının tətbiqini, startap ekosisteminin inkişafını və yüksəkixtisaslı mütəxəssislərin ölkəyə cəlb olunmasını nəzərdə tutur.
Bu xüsusda süni intellekt dövlət idarəçiliyində əsas inkişaf istiqamətlərindən biri kimi müəyyən edilib. Cari il ərzində “mygov” platformasında və digər dövlət qurumlarında bir sıra süni intellekt həllərinin tətbiqi planlaşdırılır. Artıq “mygov” platformasında vətəndaşlara fasiləsiz xidmət göstərən virtual köməkçinin ilkin versiyası istifadəyə verilib. Bununla yanaşı, milli hesablama infrastrukturunun yaradılması, yüksəksəviyyəli hesablama resurslarının formalaşdırılması və süni intellekt üzrə tənzimləyici test mühitinin yaradılması istiqamətində işlər davam etdirilir.
Rəqəmsal inkişafın mühüm istiqamətlərindən biri də kibertəhlükəsizliyin gücləndirilməsidir. Bu məqsədlə Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb, Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Tədqiqat Mərkəzinin fəaliyyətinin təşkili nəzərdə tutulur. Eyni zamanda kritik informasiya infrastrukturunun mühafizəsi, dövlət informasiya sistemlərinin Hökumət Buludu platformasına miqrasiyası və süni intellekt əsaslı kibermüdafiə mexanizmlərinin tətbiqi istiqamətində tədbirlər həyata keçirilir”.
Komissiya sədri hesab edir ki, təhsil sisteminin rəqəmsallaşdırılması da Fəaliyyət Planının əsas istiqamətlərindəndir: “Son illərdə təhsil müəssisələrinin rəqəmsal infrastrukturu əhəmiyyətli dərəcədə gücləndirilib, məktəblər təhlükəsiz internet şəbəkəsi ilə təmin olunub, kompüter təminatı yaxşılaşdırılıb. “Rəqəmsal məktəb” platformasının tətbiqi genişləndirilir, elektron təhsil xidmətlərinin sayı artırılır, attestat və diplomların elektron formatda verilməsi təmin edilir. “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələri vasitəsilə məktəblilərin müasir texnologiyalar üzrə bilik və bacarıqlarının inkişafı istiqamətində işlər davam etdirilir.
Həyata keçirilən islahatlar göstərir ki, Azərbaycan rəqəmsal inkişafı dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, vətəndaş məmnuniyyətinin yüksəldilməsi, innovasiya iqtisadiyyatının formalaşdırılması və milli texnoloji potensialın gücləndirilməsi baxımından strateji inkişaf istiqaməti kimi müəyyən edib. 2026–2028-ci illər üçün Fəaliyyət Planının ardıcıl icrası ölkənin rəqəmsal transformasiyasının sürətləndirilməsinə, beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına və Azərbaycanın regionun aparıcı rəqəmsal inkişaf mərkəzlərindən birinə çevrilməsinə töhfə verəcək”.