backend

Azərbaycanın gələcəyinə yönəlmiş strateji yol - ŞƏRH

Rəqəmsal texnologiyalar, innovasiya və süni intellekt (Sİ) bu gün dövlətlərin təhlükəsizlik və sabitlik qədər diqqət yetirdiyi əsas prioritet sahələrdən hesab edilir. Dəyişən, inkişaf edən, yeni çağırışlar və yanaşmalar tələb edən günümüzdə hər bir ölkə rəqəmsal texnologiyaların inkişaf etdirilməsi, süni intellektdən daha səmərəli şəkildə istifadə etməklə dövlət idarəetmə sisteminin rəqəmsallaşdırılması istiqamətində addımlar atır. Çünki bu, artıq dövlətlər üçün zərurətə, geridönməz xarakter almış bir prosesə çevrilib.

Azərbaycan da öz növbəsində rəqəmsallaşmanı, süni intellektin dövlət idarəetmə sistemində tətbiqini ölkənin sosial-iqtisadi inkişafını müəyyən edən əsas amillərdən biri hesab edərək "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nı təsdiq edib, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasını yaradıb. Bu günlərdə Rəqəmsal İnkişaf Şurasının ilk iclası sözügedən qurumun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilib. İclasda qarşıda duran vəzifələr müəyyən edilib,

"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icra vəziyyəti, Şuranın fəaliyyət istiqamətləri, müxtəlif sahələrdə rəqəmsallaşma, süni intellekt və dövlət idarəetmə sisteminin rəqəmsallaşdırılması ilə bağlı görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.
Hər şeydən əvvəl onu qeyd etmək yerinə düşər ki, Rəqəmsal İnkişaf Şurasına Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mehriban xanım Əliyevanın sədr təyin olunması uğurlu seçim olmaqla yanaşı, həm də böyük etimadın ifadəsidir. Eyni zamanda bu, məsuliyyətli işin məhz Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində uğurla həyata keçiriləcəyinə olan inamın göstəricisidir. Çünki Mehriban xanım istər Milli Məclisin deputatı olduğu illərdə, istərsə də Birinci vitse-prezident vəzifəsini icra etdiyi dövrdə gördüyü işlər və ortaya qoyduğu uğurlu fəaliyyətlə cəmiyyətin böyük etimadını qazanıb.

Rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi sahələrinə gəldikdə isə deyə bilərik ki, yeni texnoloji inqilab kimi dəyərləndirdiyimiz bu mərhələdə dövlət idarəçiliyindən tutmuş səhiyyəyə, təhsildən kənd təsərrüfatına qədər bütün sahələrdə rəqəmsallaşma, süni intellekt və informasiyalaşdırma kimi yeni yanaşmalar zərurətə çevrilir. Bu prosesdən kənarda qalmaq ölkənin inkişafdan geri qalması demək olardı. Ona görə də Azərbaycan son illərdə rəqəmsal transformasiyanı prioritet istiqamət kimi müəyyən edib, innovativ iqtisadiyyatın qurulması və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atıb.

İnternet infrastrukturu genişləndirilib, elektron xidmətlərin miqyası və əhatə dairəsi artıb, dövlət informasiya sistemlərinin inteqrasiyası və rəqəmsal iqtisadiyyatın inkişafı sürətli xarakter alıb. Xüsusilə, "Onlayn Azərbaycan" layihəsi ölkənin genişzolaqlı internet infrastrukturunun inkişafına mühüm töhfə verib. Layihə nəticəsində yüksək sürətli internetə çıxış təkcə paytaxt Bakıda deyil, həm də regionlarda, hətta ucqar kəndlərdə belə təmin olunub. Artıq vətəndaşlar bir çox dövlət xidmətlərini internet üzərindən əldə edə bilirlər ki, bu da elektron hökumət sisteminin inkişafının nəticəsidir.

Azərbaycan süni intellektin tətbiqindən uğurla istifadə edən ölkələrdəndir. Məlumat üçün qeyd edək ki, bu məqsədlə 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası qəbul olunub. Sözügedən strategiya bu sahənin inkişafında mühüm mərhələ hesab edilir. Strategiyanın əsas məqsədləri dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi, yerli mütəxəssislərin hazırlanması, innovasiya fəaliyyətinin genişləndirilməsi, məlumat təhlükəsizliyinin təmin olunması və etik prinsiplərə əsaslanan idarəetmə mexanizmlərinin yaradılmasıdır.

Artıq xeyli müddətdir ki, Azərbaycanda süni intellekt müxtəlif istiqamətlər üzrə tətbiq olunur. Xüsusilə, təhsil sahəsində süni intellektdən geniş istifadə tendensiyası müşahidə edilir. Fərdiləşdirilmiş tədris proqramlarının hazırlanması, tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi, elektron təhsil platformalarının inkişaf etdirilməsi kimi istiqamətlər üzrə süni intellektdən istifadəyə rast gəlirik. Eyni zamanda səhiyyə sahəsində də süni intellektdən istifadə olunur ki, bu da tibbi diaqnostikanın dəqiqliyinin artırılmasına, xəstəliklərin erkən aşkarlanmasına və tibbi məlumatların təhlilinə müsbət təsir göstərir.

Bu gün artan qlobal təhdidlər və ərzaq təhlükəsizliyinin təmin olunmasının vacibliyi fonunda kənd təsərrüfatının inkişafı da ölkələr üçün prioritet vəzifəyə çevrilib. Bu sahənin daha da inkişafı, məhsuldarlığın artırılması, su ehtiyatlarının səmərəli idarə olunması, torpaqların mühafizəsi və digər istiqamətlərdə süni intellektdən istifadə zərurətə çevrilir. Ağıllı texnologiyalardan istifadə etməklə qeyd edilən istiqamətlərdə mühüm uğurlara nail olmaq mümkündür və Azərbaycan da məhz buna xüsusi diqqət yetirir. "Ağıllı kəndlər"in, "Ağıllı şəhərlər"in salınması, suvarma sistemlərində yeni texnologiyalardan istifadə Azərbaycanın kənd təsərrüfatında süni intellekti artıq real praktikada tətbiq etdiyinin göstəricisidir.

Əldə edilən nəticələrlə yanaşı, qarşıda duran müəyyən çağırışlar da var. Bu sıraya yüksək ixtisaslı kadr çatışmazlığı, kibertəhlükəsizlik riskləri, məlumatların məxfiliyinin qorunması, süni intellektdən daha səmərəli istifadə, eyni zamanda regionlarda rəqəmsal bacarıqların inkişaf etdirilməsi daxildir. Əminliklə demək olar ki, yeni yaradılmış Rəqəmsal İnkişaf Şurası uğurlu fəaliyyət göstərərək yeni çağırışlara uyğun addımlar atacaq, müvafiq tədbirlər görəcək və bu işin öhdəsindən məsuliyyətlə gələcək. Ölkəmizin gələcəyinə yönəlmiş bu strateji yol isə nəticə etibarilə Azərbaycanın davamlı sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı