backend

Müttəfiqlik təhlükəsizlikdə birgə məsuliyyətdir… – Deputat

Prezident İlham Əliyevin Qırğızıstana reallaşan dövlət səfəri və imzalanan Çolpon-Ata Bəyannaməsi Azərbaycan-Qırğızıstan münasibətlərini strateji tərəfdaşlıqdan rəsmi müttəfiqlik səviyyəsinə yüksəldən tarixi hadisədir. Müttəfiqlik yalnız siyasi bəyanat deyil, həm beynəlxalq platformalarda qarşılıqlı dəstək, həm də regional təhlükəsizlik arxitekturasında birgə məsuliyyət deməkdir.

Bunu Sosdem.az-a dövlət başçısının Bişkek və Çolpon-Ata təmaslarını, iqtisadi-mədəni inteqrasiyanı və Mərkəzi Asiya ilə geostrateji yaxınlaşmanı şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
“200 Milyonluq Fond Və Türk Dünyasında Real İnteqrasiya”
Millət vəkili səfərin iqtisadi və rəmzi nəticələrini yüksək dəyərləndirib:
“Azərbaycan-Qırğız İnvestisiya Fondunun kapitalının 200 milyon dollara qaldırılması və İssık-Kul sahilində Azərbaycan sərmayəsi ilə ‘Bakı’ hotelinin açılması iki ölkə arasındakı münasibətlərin artıq bəyanatlardan konkret iqtisadi layihələrə keçdiyini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş Ağdamda Qırğız xalqının töhfəsi olan ‘Manas’ adına məktəbin inşası qardaşlığın unudulmaz rəmzidir. Qarşılıqlı olaraq liderlərin ‘Manas’ və ‘Heydər Əliyev’ ordenləri ilə təltif edilməsi dövlətlərarası ehtiramın ən ali təzahürüdür”.

“Azərbaycanın Mərkəzi Asiya Formatına İnteqrasiyası Geosiyasi Zərurətdir”
MCP başqanı Azərbaycanın Mərkəzi Asiya Dövlətlərinin Məşvərət Görüşlərinə tamhüquqlu üzv seçilməsinin regional balans baxımından əhəmiyyətini vurğulayıb:
“Azərbaycanın Mərkəzi Asiya platformasına inteqrasiyası Türk dünyasının hərbi, iqtisadi və siyasi güc mərkəzinə çevrilməsi yolunda strateji gedişdir. Şərq-Qərb tranzit dəhlizi və Orta Dəhliz layihələri fonunda Bakı ilə Mərkəzi Asiya paytaxtlarının vahid cəbhədən çıxış etməsi regional təhlükəsizliyimizi və suverenliyimizi daha da möhkəmləndirir”.