backend

Keçmişə verilən yüksək siyasi qiymət, gələcəyə yönəlmiş yeni fəaliyyət proqramı

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkəmizin keçdiyi şərəfli yolun, əldə olunan tarixi Zəfərlərin və qarşıda duran strateji vəzifələrin aydın siyasi konsepsiyasını ortaya qoydu. Bu qurultayın ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni reallıqda qurultay keçirir. Bu, sadəcə olaraq, siyasi təqvimdə növbəti qurultay deyil, Zəfərdən sonra Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin siyasi ifadəsidir.
Milli Məclisin deputatı Sevinc Hüseynova qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinib və siyasi irsinin dayandığı bir daha aydın şəkildə göstərildi: “Yeni Azərbaycan Partiyasının yaradılması da məhz ölkəmizin ən ağır dövründə xalqın dövlətçilik iradəsinin və Heydər Əliyev siyasi kursuna inamının ifadəsi idi. Bu gün həmin siyasi xətt Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, iqtisadi gücünün artırılmasında, beynəlxalq mövqelərinin güclənməsində və nəhayət, ərazi bütövlüyünün və suverenliyinin bərpasında öz tarixi nəticəsini göstərib” .
Deputat qeyd edib ki, 2020-ci ilin Zəfəri və 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası Azərbaycan dövlətçiliyinin ən böyük nailiyyətlərindəndir. Bu zəfərlər Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün, ordumuzun qüdrətinin və siyasi iradəmizin nəticəsidir. ” Prezidentin çıxışının mühüm mesajlarından biri də budur ki, əldə etdiyimiz Zəfər  yeni məsuliyyətlərin başlanğıcıdır. Bu gün qarşımızda duran əsas vəzifələr dövlətimizin təhlükəsizliyini daha da möhkəmləndirmək, hərbi gücümüzü artırmaq, iqtisadi müstəqilliyimizi qorumaq, insan kapitalını inkişaf etdirmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirməkdir. Xüsusilə ideoloji təhlükəsizlik məsələsinə diqqət yetirilməsi dövrün reallıqları baxımından mühüm əhəmiyyət daşıyır. Müasir dünyada informasiya məkanı dövlətlərin milli təhlükəsizliyinin mühüm komponentinə çevrilib. Buna görə də Azərbaycan həqiqətlərinin dünyaya və öz cəmiyyətimizə, xüsusilə gənc nəslə düzgün çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi mühüm vəzifədir”,- deyə o bildirib.
Yeni Azərbaycan Partiyasının qarşısında da yeni vəzifələr dayandığını vurğulayan S.Hüseynova əlavə edib ki, partiyanın ideoloji işi müasir dövrün çağırışlarına uyğun qurulmalı, formal yanaşmalar deyil, cəmiyyətə real təsir göstərən, gənclərlə işləyən, müasir kommunikasiya imkanlarından istifadə edən yeni siyasi və ictimai fəaliyyət modeli ön plana çəkilməlidir.
Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri isə milli maraqlara əsaslanan müstəqil və çoxşaxəli siyasətdir. Bu gün ölkəmizin müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlıq qurması Azərbaycanın beynəlxalq nüfuzunun mühüm göstəricisidir.
Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın Zəfərdən sonra qarşısına qoyduğu ən mühüm vəzifələrdəndir: “Böyük Qayıdış artıq yalnız strateji məqsəd deyil, real nəticələri görünən tarixi prosesdir.VIII Qurultayın əsas siyasi mesajını bir cümlə ilə belə ifadə etmək olar: Azərbaycan Zəfər qazandığı mərhələdən gücünü daha da artıran, inkişafını sürətləndirən və gələcəyə daha böyük hədəflərlə gedən mərhələyə daxil olur. Yeni Azərbaycan Partiyası bu tarixi prosesin mühüm siyasi dayaqlarından biridir. Partiyanın hər bir üzvünün və fəalının əsas vəzifəsi Azərbaycanın əldə etdiyi  nailiyyətləri qorumaq, dövlətçilik dəyərlərini yaşatmaq və Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsinə öz töhfəsini verməkdir.
VIII Qurultay bu baxımdan həm keçmişə verilən yüksək siyasi qiymət, həm də gələcəyə yönəlmiş yeni fəaliyyət proqramıdır”.
O sonda qeyd edib ki, Azərbaycanın Zəfəri artıq tariximizdir. İndi əsas vəzifəmiz həmin Zəfəri davamlı inkişaf, güclü dövlət və yüksək rifah ilə möhkəmləndirməkdir.