backend

Sabirabadda tövləyə bənzətdikləri tibb məntəqəsi başqa qurumun binası çıxdı - VİDEO

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Poladtoğay kənd tibb məntəqəsi tövləni xatırladır.

Oxu.Az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə tibb məntəqəsində antisanitar vəziyyətin hökm sürdüyü, eləcə də vətəndaşlara xidmətin çox aşağı səviyyədə olduğu iddia edilir.

Məsələ ilə bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Poladtoğay kənd tibb məntəqəsinin binası yoxdur.

Məlumatda qeyd edilib ki, kənddə bir tibb işçisi səyyar surətdə vətəndaşlara xidmət göstərir və ehtiyac yaranarsa, kənd sakinləri Yaxa-Dəllək Ailə Sağlamlıq Mərkəzinə yönləndirilirlər. Tibb işçisi hər ay zəruri dərman və dərman vasitələri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən təmin olunur.
Qeyd edək ki, videoda yer alan bina bələdiyyənin balansındadır. Binanın bir otağı əvvəllər vətəndaşlara tibbi xidmət göstərilmək üçün ayrılıb. Ancaq Sabirabad rayonunda 2009-10-cu illərdə baş verən daşqınlar səbəbindən bina yararsız hala düşüb. O müddətdən sonra sözügedən binada xidmət göstərilməyib.

VİDEO -
https://baku.tv/embed/121285