backend

Sabunçu rayonunda 310 saylı məktəbdə pul yığımı: Valideynlər narazıdır, direktor cavab vermir

Bakının Sabunçu rayonunda yerləşən 310 saylı tam orta məktəbdə valideynlərdən yenidən pul yığılması narazılıq doğurub. Redaksiyamıza müraciət edən bir qrup valideynin sözlərinə görə, hər bir şagirddən 20 manat məbləğində vəsait tələb olunur.

İddialara əsasən, məktəbin valideyn komitəsi bu pulu printer üçün kağız alınmasıxadiməyə verilməsi məqsədilə yığır. Lakin valideynlər bildirirlər ki, bu yığımlar artıq adət halını alıb və hər tədris ilində müxtəlif bəhanələrlə eyni proses təkrarlanır.

“Pul verməsək uşaqlar sıxıntı yaşayır” — valideynlər danışır

Narazı valideynlərdən biri redaksiyamıza bildirib ki, övladını dövlət məktəbinə göndərməsinə baxmayaraq, hər il müəyyən məbləğdə pul verməyə məcbur olur:

“Bu dəfə 20 manat deyirlər, amma sonra əlavə 30 manat da yığılır. Guya printerin kağızına, xadiməyə, məktəbin ehtiyacına gedir. Amma bu xərcləri biz yox, dövlət ödəməlidir. Pul verməsək, uşaqlar sıxıntı yaşayır, müəllimlər narazı olur.”

Valideynlər vurğulayıb ki, bu cür hallar uzun illərdir davam edir və artıq “məcburi könüllü” yığımlar təhsil prosesinə mənfi təsir göstərir.

Direktor telefon zənglərinə cavab vermir

Məsələ ilə bağlı 310 saylı məktəbin direktoru Rəsmiyə Quliyeva ilə əlaqə saxlamağa cəhd göstərilib. Lakin direktor zənglərə cavab verməyib və mövzu ilə bağlı münasibət bildirməyib.

Qeyd edək ki, adıçəkilən məktəbin adı bundan əvvəl də bir sıra daxili narazılıqlar və valideyn şikayətləri ilə gündəmə gəlmişdi.

Qanun nə deyir?

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 29-cu maddəsinə əsasən, dövlət ümumtəhsil müəssisələrində təhsil tamamilə ödənişsizdir. Valideynlərdən hər hansı formada pul yığılması qanunsuz hesab olunur.

Ekspertlərin fikrincə, bu kimi hallar təhsil sistemində şəffaflığın pozulmasına, müəllim-valideyn münasibətlərində gərginliyə və ictimai etimadın azalmasına gətirib çıxarır.

Elm və Təhsil Nazirliyinə müraciət olunacaq

Valideynlər bildiriblər ki, yaxın günlərdə məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin “Qaynar xətti”nə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəsmi müraciət göndərəcəklər.


Redaksiyamız məsələnin gedişatını izləyəcək və rəsmi açıqlama verildiyi halda oxuculara məlumat təqdim edəcək.



Qaynarxett.az