backend

Deputatlar “PeşəFest” layihəsinin bağlanış mərasimində iştirak ediblər

Deputatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən müasir əmək bazarının tələblərinə uyğun peşə və ixtisasların tanıdılması, gənclərin gələcək karyera seçimlərində dəstək olunması məqsədilə ölkənin 11 şəhər və rayonunda, o cümlədən Bakı şəhərində həyata keçirilən “PeşəFest” layihəsinin bağlanış mərasimində iştirak ediblər.

Bu layihə ölkəmizdə əmək bazarının inkişafı, gənclərin məşğulluğunun artırılması və insan kapitalının gücləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir. “PeşəFest” gənclərə yalnız peşə tanıtımı deyil, həm də əmək bazarının real tələblərini anlamaq, öz potensialını düzgün istiqamətə yönləndirmək və gələcək üçün strateji karyera planı qurmaq imkanı yaradır.

Bu cür layihələrin həyata keçirilməsi, dövlətin gənclərə qayğısının, peşə təhsilinə verilən önəmin və dayanıqlı məşğulluq siyasətinin bariz göstəricisidir. “PeşəFest” həmçinin dövlət, özəl sektor və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə, gənclərin müasir ixtisaslar üzrə bilik və bacarıqlarını artırmağa şərait yaradır.

Bu təşəbbüs, Azərbaycanın bilik iqtisadiyyatı modelinə keçidini, innovasiyaya əsaslanan iqtisadi inkişafını və rəqabətqabiliyyətli insan resurslarının formalaşmasını dəstəkləyən strateji əhəmiyyət daşıyır.