Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev təşkilat daxilində İqtisadi Əməkdaşlıq Şurasının yaradılmasının vaxtının çatdığını bildirib. O, bu istiqamətdə Daşkənddə ofis təsis etməyə hazır olduqlarını vurğulayıb və 2030-cu ilə qədər yeni inkişaf strategiyasının hazırlanmasının vacibliyini qeyd edib.
Mirziyoyevin bu təklifi Türk Dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından mühüm addımdır. Belə bir şura ticarət, investisiya və sənaye əməkdaşlığını daha sistemli şəkildə əlaqələndirə bilər. Bu, TDT-nin yalnız siyasi deyil, həm də real iqtisadi gücə çevrilməsinə təkan verəcək.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Crossmedia.az-a açıqlama verib.
Deputat Özbəkistan Prezidentinin TDT çərçivəsində İqtisadi Əməkdaşlıq Şurasının yaradılmasını təklif etdiyini bildirib:
“TDT-nin Qəbələdə keçirilən 12-ci Zirvə görüşündə səsləndirilən yeni təşəbbüslər təşkilatın gələcək iqtisadi inteqrasiyası baxımından mühüm perspektivlər vəd edir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin TDT çərçivəsində İqtisadi Əməkdaşlıq Şurasının yaradılması barədə təklifi türk ölkələrinin iqtisadi gücünü birləşdirmək və rəqabətqabiliyyətli regional birlik formalaşdırmaq baxımından strateji addım kimi qiymətləndirilə bilər. Bu ideya yalnız iqtisadi əlaqələrin genişlənməsi deyil, həm də ümumtürk dünyasının qlobal təsir imkanlarının gücləndirilməsi deməkdir.
Əgər bu Şura təsis olunsa, türk ölkələri arasında ticarət dövriyyəsi sürətlə artar, gömrük baryerləri və texniki maneələrin aradan qaldırılması nəticəsində azad ticarət zonasına yaxın bir mühit yarana bilər. Ortaq investisiya fondlarının təşkili isə iri infrastruktur və sənaye layihələrinin maliyyələşdirilməsini asanlaşdırar. Türk dünyasının mərkəzində yerləşən Azərbaycan bu baxımdan xüsusi rol oynaya bilər. Çünki Azərbaycan həm enerji resursları, həm də beynəlxalq nəqliyyat marşrutlarının kəsişməsində yerləşən strateji mövqeyi ilə təşkilat daxilində iqtisadi əməkdaşlığın hərəkətverici qüvvələrindən biridir. Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz, Şimal–Cənub nəqliyyat marşrutu kimi layihələr Azərbaycanın təşəbbüskarlığı ilə reallaşıb və artıq bütün TDT məkanının iqtisadi inteqrasiyasına xidmət edir.
Eyni zamanda, enerji əməkdaşlığı sahəsində də vahid yanaşma türk dövlətlərini bir-birinə daha sıx bağlaya bilər. Azərbaycanın zəngin qaz və neft resursları, Türkiyənin böyük bazarı və tranzit potensialı, Orta Asiya ölkələrinin enerji ehtiyatları ortaq enerji bazarının formalaşdırılmasına imkan yaradır. Bu sahədə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin fəaliyyəti xüsusi qeyd edilməlidir. Onun uzaqgörən siyasəti nəticəsində həyata keçirilmiş TANAP, TAP, Bakı–Tbilisi–Ceyhan kimi layihələr bu gün təkcə Azərbaycanın deyil, bütün türk dünyasının enerji təhlükəsizliyinə xidmət edir. Prezident İlham Əliyevin illərdir apardığı ardıcıl fəaliyyət Azərbaycanın regionda iqtisadi inteqrasiyanın mərkəzinə çevrilməsinə səbəb olub.
Qəbələdə keçirilən sammitdə Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, türk dövlətlərinin həm iqtisadi, həm də siyasi gücünün birləşdirilməsi artıq qlobal reallıqdır. Azərbaycanın təşəbbüsləri sayəsində TDT artıq region daxilində deyil, beynəlxalq miqyasda da nüfuzlu platformaya çevrilməkdədir. Əgər İqtisadi Əməkdaşlıq Şurası yaradılarsa, bu, türk dövlətlərinə qlobal bazarlarda vahid mövqedən çıxış etmək, beynəlxalq təşkilatlarda daha güclü lobbi imkanları qazanmaq imkanı verəcəkdir".
" Eyni zamanda, aqrar sahədə əməkdaşlıq, ərzaq təhlükəsizliyi üzrə birgə fondların yaradılması və innovasiya layihələrinin təşviqi kimi addımlar türk dövlətlərinin iqtisadi müstəqilliyini və dayanıqlılığını gücləndirəcək.
Beləliklə, əminliklə deyə bilərik ki, TDT çərçivəsində İqtisadi Əməkdaşlıq Şurasının təsisi türk dünyasının uzun illərdən bəri arzuladığı iqtisadi birlik ideyasının reallaşması istiqamətində əhəmiyyətli mərhələ ola bilər. Azərbaycan isə öz coğrafi mövqeyi, enerji resursları, inkişaf etmiş nəqliyyat infrastrukturu və Prezident İlham Əliyevin ardıcıl siyasəti ilə bu prosesin əsas lokomotivlərindən biri olmaqda davam edəcək”, - o əlavə edib.
OXŞAR XƏBƏRLƏR
gundem / Siyasət
gundem / Siyasət
maraqli / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
Siyasət