backend

Bütöv Azərbaycanın yeni sabaha uğurlu addımları

Azərbaycan xalqı 2026-cı ilin astanasında sadəcə təqvim dəyişikliyini deyil, həm də minillik dövlətçilik tariximizin ən parlaq, ən şərəfli intibah dövrünü qeyd edir. Bu il bizim üçün sadəcə rəqəmlərdən ibarət deyil, bu, qanla yazılan Zəfərin quruculuq eşqi ilə yoğrulduğu, milli qürurumuzun göylərə ucaldığı bir zaman kəsiyidir. Cənab Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciəti də məhz bu ruhun – qalib xalqın sarsılmaz iradəsinin təzahürü idi. Bu müraciət adi bir təbrikdən çox, hər bir azərbaycanlının qəlbində əks-səda doğuran, keçmişin qəhrəmanlığı ilə gələcəyin böyük hədəflərini birləşdirən mənəvi bir körpüdür.
Dövlət başçısının hər bir kəlməsində hiss olunan o böyük inam bizə bir həqiqəti yenidən xatırlatdı: Azərbaycan artıq diktə olunan deyil, qlobal masada sözü keçən, regionun taleyini təyin edən qüdrətli bir dövlətdir. İndi bizim üçün əsas amal hərbi meydanda qazandığımız o möhtəşəm qələbəni diplomatiya və iqtisadi tərəqqi ilə daha da zənginləşdirmək, azad nəfəs alan torpaqlarımızı dünyanın ən abad guşələrindən birinə çevirməkdir.
Cənab Prezidentin çıxışında ən həssas və qürurverici məqam, şübhəsiz ki, Xankəndi, Xocalı və Ağdərənin adlarının artıq tam suverenliyimizin simvolu kimi çəkilməsi idi. Bu gün həmin torpaqlarda üçrəngli bayrağımızın dalğalanması sadəcə bir ərazi bütövlüyü məsələsi deyil, bu, onilliklər boyu içimizdə gəzdirdiyimiz o ağır nisgilin sonu, milli ləyaqətimizin bərpasıdır. Şuşanın dumanlı dağlarından, Laçının sıldırım qayalarından keçən "Böyük Qayıdış" karvanları bu gün xalqımızın öz köklərinə necə böyük bir eşqlə bağlı olduğunu bütün dünyaya sübut edir. Köçkünlük ağrısını geridə qoyub öz doğma yurduna, isti ocağına dönən hər bir vətəndaşımızın simasındakı o sevinc göz yaşları Azərbaycanın ən böyük sərvətidir. Füzulidən Zəngilana qədər uzanan müasir yollar, ucalan binalar və canlanan kəndlər bizim sarsılmaz quruculuq iradəmizin daşdan ucalan abidəsidir.
Lakin dövlət başçısının Xankəndi və Xocalıda dalğalandırdığı bayraq, eyni zamanda, bizim İrəvana, Göyçəyə, Zəngəzura olan tarixi bağlılığımızın rəmzi zəmanətinə çevrilib. Qərbi Azərbaycan İcması olaraq biz bu gün artıq "qaçqın" statusundan çıxaraq, "Qayıdış hüququ" uğrunda beynəlxalq müstəvidə mübarizə aparan mütəşəkkil bir qüvvəyik. Prezidentin çıxışında vurğulanan tam suverenlik konsepsiyası, bizim onilliklər boyu qəlbimizdə yaşatdığımız ata-baba yurdlarına qayıtmaq inamını bir dövlət siyasəti halına gətirdi.
Cənab Prezidentin qeyd etdiyi "Böyük Qayıdış" proqramı bu gün Qarabağı və Şərqi Zəngəzuru dirçəldirsə, bu, həm də Qərbi Azərbaycanın – Zəngəzurun, Dərələyəzin, Göyçənin, Ağbaba-Şərəyelin, Loru-Pəmbəkin və gözləri yolda qalan digər ata-baba yurdlarımızın intizarına son qoyulması üçün bir növ mənəvi hazırlıqdır. Şuşaya qayıdan hər bir ailə, əslində, İrəvana gedən yolun bir daşını da yerinə qoyur. Biz tarixi torpaqlarımıza tankla deyil, beynəlxalq hüquqla, sülhlə və ən əsası, sarsılmaz yaddaşımızla qayıdacağıq. Bu gün Ermənistanın xarabalıqlara çevirdiyi həmin torpaqlar o ərazilərdəki mədəni irsimizə, müqəddəs məzarlarımıza və saxtalaşdırılmış tariximizə sahib çıxmağımızla bizimkiləşəcəkdir.
Bu mübarizədə xalq-iqtidar birliyi ilə yanaşı, intellektual və diplomatik hücum taktikamız da ön plandadır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti artıq Qərbi Azərbaycan məsələsini dünya gündəminə qaldırıb. Biz artıq beynəlxalq tribunalardan qovulmuş bir xalq kimi deyil, öz hüququnu tələb edən qalib bir millət kimi danışırıq. 2026-cı il bizim üçün bu hərəkatın daha da genişlənəcəyi, "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası"nın hər bir maddəsinin real addımlara çevriləcəyi bir il olacaq.
Lakin unutmamalıyıq ki, bu möhtəşəm mənzərənin arxasında sarsılmaz bir sütun – xalq-iqtidar birliyinin polad iradəsi və yenilməz Azərbaycan Ordusu dayanır. Prezidentin də qeyd etdiyi kimi, regionda sülhün və ədalətin ən etibarlı təminatçısı məhz bizim hərbi gücümüzdür. Biz sülh istəyirik, lakin bu sülhü öz gücümüzlə, öz qüdrətimizlə qorumalı olduğumuzu da yaxşı bilirik. Ordumuzun müasirləşməsi və müdafiə sənayemizin artan potensialı bizi hər cür bədxah niyyətlərdən qoruyan qalxanımızdır.
Azərbaycan bu gün həm də dünyanın "yaşıl enerji" mərkəzlərindən birinə çevrilərək, gələcək nəsillər üçün daha təmiz və firavan bir dünya qurmaq naminə qlobal məsuliyyəti öz üzərinə götürür. Beynəlxalq arenada artan nüfuzumuz, etibarlı tərəfdaş imicimiz ölkəmizi sivilizasiyaların kəsişməsində mühüm bir cazibə mərkəzinə çevirib.
Sonda qeyd etmək istərdim ki, dövlət başçımızın bu tarixi müraciəti hər birimizin ruhuna sığal çəkdi, sabahımıza olan inamımızı daha da möhkəmləndirdi. Bizim üçün zəfər o zaman tam olacaq ki, soydaşlarımız öz dədə-baba torpaqlarında, öz doğma kəndlərində bayram tonqallarını qalayıb bu müraciətləri oradan dinləsinlər. İnamımız tamdır: Biz qayıdacağıq! Çünki arxamızda polad iradəli Lider və dəmir yumruqlu Azərbaycan xalqı dayanır.
2026-cı il böyük intibahın və haqlı qayıdışın növbəti parlaq mərhələsi olsun!

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması 
İdarə Heyətinin sədri