
Konfrans çərçivəsində region məktəblərində tədrisin keyfiyyətinə təsir göstərən amillər, müəllimlərin gündəlik fəaliyyətində qarşılaşdıqları çətinliklər, müəllimlərin maddi və qeyri-maddi stimullaşdırılması məsələləri, sertifikasiya və qiymətləndirmə mexanizmlərinin effektivliyi, ali təhsil müəssisələrinin region məktəbləri qarşısında akademik və metodiki məsuliyyəti, məktəblər üçün mentorluq və dəstək mexanizmləri, şagirdlərin ali təhsilə hazırlanmasında universitetlərin rolu, regionlar üçün pilot təhsil modelləri və baza məktəblər konsepsiyası, eləcə də region üçün tətbiqi mümkün olan təşəbbüslər ətrafında geniş müzakirələr aparılıb.

İki panel sessiyasından ibarət müzakirələrdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, komitənin sədr müavini Fariz İsmayılzadə, komitə üzvləri Rəşad Mahmudov, Elçin Mirzəbəyli və Vasif Qafarov, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov, Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, psixoloq Elnur Rüstəmov, Gənc Alimlər Cəmiyyətinin sədri İlqar Orucov və regionun müəllimləri iştirak ediblər.

Üç saatdan artıq davam edən konfrans zamanı təhsilin inkişafı istiqamətində aktual məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb, mövcud vəziyyət və perspektivlər müzakirə olunub.

Tədbirin sonunda nümayəndə heyəti Astara Pedaqoji Kollecinə səfər edərək təhsil müəssisəsinin fəaliyyəti, tədris prosesi və maddi-texniki bazası ilə yaxından tanış olub.








