backend

Deputat:Azərbaycan artıq regionun deyil, bütövlükdə Avrasiya məkanının əsas geosiyasi və iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir

Münxendə keçirilən panel müzakirələrdə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan artıq regionun deyil, bütövlükdə Avrasiya məkanının əsas geosiyasi və iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir. Xüsusilə Trans-Xəzər əməkdaşlığının genişləndirilməsi, Orta Dəhlizin inkişafı və yeni bağlantı layihələri Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Dövlət başçısının vurğuladığı kimi, ölkəmiz son illərdə nəqliyyat, logistika və infrastruktur sahəsinə böyük sərmayələr yatıraraq Avropa ilə Asiyanı birləşdirən etibarlı körpü rolunu möhkəmləndirib. 

Bu gün formalaşan yeni reallıq təkcə iqtisadi deyil, həm də siyasi nəticələr doğurur. Azərbaycan regionda sabitlik və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən, tərəfdaşlar arasında etimad quruculuğunu təmin edən əsas aktorlardan biri kimi çıxış edir. Orta Dəhliz boyunca yükdaşımaların artması, yeni dəmir yolu və logistika layihələrinin icrası ölkəmizi qlobal ticarət sistemində mühüm halqaya çevirir. Bu isə Azərbaycanın beynəlxalq siyasi çəkisinin artması ilə birbaşa bağlıdır. 

Panel müzakirələrində səslənən ən mühüm mesajlardan biri də regionda sülh gündəliyinin irəliləməsi ilə bağlı oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün real imkanlar yaranıb və bu proses Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsinin başlanğıcı ola bilər. Sülh, yeni nəqliyyat dəhlizləri və iqtisadi inteqrasiya region ölkələrini bir-birinə daha sıx bağlayaraq uzunmüddətli sabitliyin əsasını formalaşdıracaq. 

Eyni zamanda, yeni marşrutların formalaşması yalnız region ölkələri üçün deyil, Avropa, Mərkəzi Asiya və Çin kimi böyük iqtisadi mərkəzlər üçün də strateji əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüskarlığı ilə həyata keçirilən layihələr qlobal ticarətin şaxələndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin güclənməsinə xidmət edir. Bu reallıq Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və strateji körpü kimi rolunu daha da möhkəmləndirir. 

Bugünkü mərhələdə Azərbaycan güclü siyasi iradə, uzaqgörən strateji yanaşma və regional əməkdaşlıq modeli ilə yeni geosiyasi arxitekturanın formalaşmasına töhfə verir. Münxen panelində səslənən fikirlər göstərir ki, ölkəmiz yalnız iştirakçı deyil, həm də prosesləri istiqamətləndirən aparıcı dövlətlərdən birinə çevrilib. Bu isə Azərbaycanın gələcək onilliklərdə Avrasiyanın siyasi-iqtisadi xəritəsində həlledici rol oynayacağını deməyə əsas verir.

Göydəniz Qəhrəmanov
Milli Məclisin deputatı