backend

Ənənəvi İncəsənət Mərkəzi nin “Dastan” brendindən “Turan ruhu” kolleksiyası təqdim olundu

Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendi tərəfindən türk dünyasının ortaq yaddaşını və estetik ruhunu müasir baxışla əks etdirən “Turan ruhu” kolleksiyasının təqdimat mərasimi keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri və sənətsevərlərlə yanaşı, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov da iştirak edib.

Qaynarxett.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, “Dastan” brendi bu gün daha möhkəm təməl, aydın strategiya və geniş inkişaf perspektivi ilə fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, sərgi-satış məkanının yenidən istifadəyə verilməsi sənətin cəmiyyətə daha da yaxınlaşması, ustad əməyinin görünməsi və yaradıcılığın iqtisadi dəyərə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Baku Marionette Theatreda keçirilən təqdimat mərasimi mədəni irsin yaşadılması, milli sənətkarlığın təşviqi və yaradıcı sənayelərin inkişafı baxımından xüsusi önəm daşıyıb. Qeyd olunub ki, bu kimi təşəbbüslər milli-mənəvi dəyərlərin qorunmasına və zəngin irsin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.