backend

Deputat:Azərbaycan regional və beynəlxalq sabitliyin təminatçısıdır

Belqradda keçirilən Strateji Tərəfdaşlıq Şurasının ilk iclası yalnız ikitərəfli münasibətlərin genişlənməsi deyil, həm də beynəlxalq hüquq prinsiplərinə əsaslanan qarşılıqlı etimadın inkişafı baxımından mühüm hadisə oldu. Prezident İlham Əliyevin iclasda səsləndirdiyi fikirlər bir daha göstərdi ki, tərəfdaşlığın əsas dayaqlarından biri məhz dövlətlərin bir-birilərinin suverenliyinə və ərazi bütövlüyünə verdikləri qəti dəstəkdir. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycan ilə Serbiyanın uzunmüddətli dostluğunu və siyasi etimadını önə çəkdi, bu etimadın həm diplomatik, həm də iqtisadi sahələrdə praktik nəticələr verdiyini qeyd etdi. Bu yanaşma göstərir ki, tərəfdaşlıq yalnız müvəqqəti maraqlara deyil, həm də prinsipial beynəlxalq mövqelərə əsaslanır.
Bunu  açıqlamasında Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.
Strateji Tərəfdaşlıq Şurasının ilk iclasında müzakirə edilən məsələlərin geniş spektrə malik olduğunu bildirən deputat Azərbaycan-Serbiya münasibətlərinin çoxşaxəli əməkdaşlığa söykəndiyini qeyd edib.
“Prezident İlham Əliyev çıxışında diqqətə çatdırdı ki, yalnız siyasi əlaqələr deyil, həm də iqtisadi, enerji və nəqliyyat sahəsində konkret layihələr icra edilir. Bu, qarşılıqlı etimadın təməlini möhkəmləndirir və tərəflərin bir-birinin beynəlxalq mövqeyini dəstəkləməsi üçün əlverişli şərait yaradır. Birgə bəyanatda beynəlxalq arenada qarşılıqlı dəstəyin davam etdiriləcəyi vurğulandı. Bu o deməkdir ki, Azərbaycan və Serbiya yalnız ikitərəfli layihələrdə əməkdaşlıq etməyəcək, həm də beynəlxalq təşkilatlarda bir-birinin maraqlarını qoruyacaq. Bu yanaşma regional sabitliyi gücləndirir və tərəfdaşlığı daha dayanıqlı edir.
Dövlətimizin başçısının Serbiya ilə əməkdaşlıqdan danışarkən toxunduğu əsas aspektlərdən biri də siyasi dialoqun ardıcıl aparılması və qərarların sürətli icrası oldu. Bu mexanizm həm dövlətlərarası münasibətlərin səmərəliliyini artırır, həm də tərəfdaşlıqda etimadı gücləndirir. Beləliklə, Belqraddakı iclas göstərdi ki, Azərbaycan–Serbiya əlaqələri beynəlxalq hüquq prinsiplərinə əsaslanan strateji və çoxşaxəli əməkdaşlıq modelinə söykənir. Nəticə etibarilə Strateji Tərəfdaşlıq Şurasının ilk iclası yalnız diplomatik görüş yox, həm də regional və beynəlxalq sabitliyi gücləndirən siyasi etimadın təcəssümüdür”, – deyə Göydəniz Qəhrəmanov vurğulayıb.