backend

Azər Kərimli: “Azərbaycanda qadın hüquqları yalnız normativ baza ilə məhdudlaşmır, həm də institusional və ictimai dəstəklə möhkəmlənir”

“Cəmiyyətin hüquqi və institusional inkişaf səviyyəsi ilk növbədə insan hüquqlarına münasibətlə ölçülür. Azərbaycanda qadın hüquqlarının qorunması məhz bu baxımdan dövlət siyasətinin strateji istiqamətlərindən biri kimi formalaşıb. Konstitusion prinsiplər kişi və qadın bərabərliyini açıq şəkildə təsbit edir, ayrı-seçkiliyin yolverilməzliyini hüquqi norma kimi müəyyənləşdirir. Bu yanaşma qadının cəmiyyətdə rolunu deklarativ bəyanatdan real təminat mərhələsinə keçirib. Beynəlxalq müstəvidə də Azərbaycan qadın hüquqlarının müdafiəsinə dair mühüm sənədlərə qoşulmaqla qlobal çağırışlara adekvat mövqe sərgiləyib. 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında qəbul edilən Pekin Bəyannaməsinə qoşulmaq ölkəmizin gender bərabərliyinə sadiqliyinin göstəricisi idi. Bu sənəd qadınların siyasi, iqtisadi və sosial həyatda imkanlarının genişləndirilməsini prioritet kimi müəyyənləşdirirdi və Azərbaycan həmin prinsipləri milli qanunvericilik sisteminə inteqrasiya etdi.” 

Bu fikirləri 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli ifadə edib. 

Millət vəkili müstəqillik illərində qadın hüquqlarının qorunması istiqamətində ardıcıl qanunvericilik bazasının yaradılması faktını diqqət mərkəzinə gətirərək bunları deyib: “Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə qəbul olunmuş və gender bərabərliyinin təminatına, məişət zorakılığının qarşısının alınmasına yönəlmiş qanunlar cəmiyyətdə yeni düşüncə mühitinin formalaşmasına təkan verdi. Bu hüquqi mexanizmlər qadının öz potensialını reallaşdırması üçün daha geniş imkanlar açdı və stereotiplərin aradan qalxmasına xidmət etdi. Hazırda bu siyasətin davamlılığı dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə təmin olunur. Qadınların dövlət idarəçiliyində, iqtisadiyyatda və ictimai həyatda iştirakının genişlənməsi məqsədilə həyata keçirilən proqramlar göstərir ki, gender məsələsi sosial deyil, strateji inkişaf prioritetidir. Qadın hüquqlarının müdafiəsi ölkənin modernləşmə prosesinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu kontekstdə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Məhz Birinci xanımın təşəbbüsləri hüquqi mexanizmlərlə yanaşı, sosial həssaslıq və humanizm prinsiplərini ön plana çıxarır. Xüsusilə sosial müdafiəyə ehtiyacı olan qadın və uşaqlara yönəlmiş layihələr, təhsil və səhiyyə sahəsində proqramlar qadın hüquqlarının real təminatına xidmət edir. Bu fəaliyyət dövlət siyasətinin humanitar ölçüsünü gücləndirir və hüquqi çərçivəni praktik nəticələrlə tamamlayır. Beləliklə, Azərbaycanda qadın hüquqları artıq yalnız normativ baza ilə məhdudlaşmır, həm də institusional və ictimai dəstəklə möhkəmlənir. Hüquqi təminat, siyasi iradə və sosial təşəbbüslərin vəhdəti qadının cəmiyyətdə layiqli mövqeyini daha da möhkəmləndirir” – deyə, Azər Kərimli fikirlərini sona çatdırıb.