backend

"Uğur hekayəsi"nin ilk qonağı millət vəkili Azər Badamov olub

Qusar şəhər Peşə Liseyində Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamovun gənclərlə görüşü təşkil olunub."Uğur hekayəsi"adlanan görüş öncəsi lisey tələbələrinin foyedə təşkil olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.Akt zalında davam edən görüşdə Ulu Öndər Heydər Əliyevin və respublikanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Xatirə Nağıbəyova qonaqları salamlayaraq belə görüşlərin gənclərin dünyagörüşünün formalaşmasında, onların peşəkar və vətəndaş kimi yetişməsində mühüm rol oynadığını vurğulayıb.Deputat köməkçisi General Sadulov görüş iştirakçılarına millət vəkili Azər Badamovun həyatı və siyasi fəaliyyəti haqqında məlumat verib.Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov dövlətin gənclər siyasətindən, peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək bu qəbildən olan görüşlərin davamlı olacağını diqqətə çatdırıb.

Uğur hekayəsini gənclərlə bölüşən Azər Badamov həyat və fəaliyyət yolundan bəhs edərək onu müvəffəqiyyətə aparan yolun əsas prinsiplərin zəhmət, məqsədyönlülük, bilik və vətənə sədaqət kimi dəyərlər olduğunu söyləyib. O, öz təcrübəsinə əsaslanaraq gənclərə daim öz üzərlərində çalışmağı tövsiyə edib.

Sonda interaktiv müzakirə formatında davam edən görüşdə tələbələrin ünvanladıqları suallar deputat tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Qeyd olunub ki, YAP Qusar rayon təşkilatı tərəfindən təşkil olunan“Uğur hekayəsi” adlı maarifləndirici görüşlərin keçirilməsi gənclərin motivasiyasının artırılması və onların gələcək karyera planlamasına dəstək baxımından xüsusi əhəmiyyət daşıyır.