backend

Azərbaycan yenə də bölgədə sülhün və sabitliyin tərəfdarı olaraq qalır

“Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olan dövlət kimi həmişə qonşuları ilə mehriban münasibətlərin qurulmasına çalışıb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç vaxt üçüncü dövlətlərə qarşı istifadə olunmayacaq və ölkə bütün problemlərin dialoq və danışıqlar yolu ilə həllinin tərəfdarıdır”.
Bunu Ölkə.az-a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.
Onun sözlərinə görə, son hadisələr göstərir ki, bu konstruktiv yanaşma hər zaman qarşı tərəfdən eyni şəkildə qarşılanmır. “İran tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisinin pilotsuz uçuş aparatları ilə atəşə tutulması regionda onsuz da gərgin olan vəziyyəti daha da təhlükəli mərhələyə keçirən addım kimi qiymətləndirilir.
Bu hücumun hədəfləri arasında mülki obyektlərin – Naxçıvan Beynəlxalq Hava Limanının terminalı, məktəb və digər infrastrukturların olması isə hadisənin təkcə hərbi deyil, eyni zamanda terror aktı kimi qiymətləndirilməsinə əsas verir”, - o vurğulayıb.
Deputat əlavə edib ki, Azərbaycan dövləti bu cür addımları qətiyyətlə pisləyir və rəsmi Tehrandan hadisəyə görə izahat, üzr və məsul şəxslərin cəzalandırılmasını tələb edir:
“O zaman Bakı çox sərt reaksiya verdi. Səfirlik fəaliyyətini dayandırdı, diplomatik münasibətlər faktiki donduruldu və Tehran üzr istəməyə məcbur oldu. Hətta terroru törədən şəxs Azərbaycanın təkidi ilə ən ağır cəzaya məhkum edildi.
Bu faktlar göstərir ki, İranın Azərbaycana qarşı düşmən ritorikası və təxribatları epizodik deyil, müəyyən dairələrin uzunmüddətli siyasətinin elementidir”.
O əlavə edib ki, bütün bunlara baxmayaraq Azərbaycan yenə də bölgədə sülhün və sabitliyin tərəfdarı olaraq qalır. “Rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan ərazisi heç bir qonşu ölkəyə qarşı istifadə edilməyəcək və Bakı regionda qarşıdurma deyil, əməkdaşlıq istəyir.
Hətta son hadisələr fonunda belə Azərbaycan humanist mövqeyini nümayiş etdirərək çətin vəziyyətdə qalan İran diplomatlarının təxliyəsinə yardım göstərmək qərarı verib. Bu addım Azərbaycanın siyasətinin mahiyyətini, humanizm və məsuliyyət prinsipini bir daha göstərir”, -o  vurğulayıb.
Tehranın  Azərbaycana qarşı yürütdüyü siaysəti strateji səhv adlandıran deputat bildirib ki, Naxçıvana endirilən zərbə təkcə hərbi və siyasi səhv deyil: “Bu addım İranın regional mövqelərini daha da zəiflədə biləcək ciddi strateji səhv kimi qiymətləndirilir.
Çünki İran artıq beynəlxalq təzyiq və sanksiyalar altında olan ölkədir. Regionda yeni qarşıdurma onun mövqeyini daha da zəiflədə bilər. Azərbaycana qarşı açıq təxribat isə Tehranı daha böyük siyasi təcridə aparır.
Digər tərəfdən, bu cür addımlar İranda yaşayan milyonlarla azərbaycanlının da diqqətindən yayınmır. Güclü və müstəqil Azərbaycan dövləti artıq regionda siyasi cazibə mərkəzinə çevrilib və bu fakt Tehranı ciddi narahat edir.
Azərbaycan öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün kifayət qədər güclü dövlət olduğunu artıq sübut edib. 44 günlük müharibədə formalaşan “Dəmir yumruq” konsepsiyası göstərdi ki, Bakı istənilən təhdidə qarşı qətiyyətli cavab vermək imkanına malikdir.
Naxçıvana qarşı hücum da cavabsız qalmayacaq və diplomatik, siyasi və hərbi müstəvidə bütün lazımi tədbirlər görüləcək.
İranın bu addımı regionda sülhə xidmət etmir və əksinə, Tehran üçün yeni problemlərin başlanğıcına çevrilə bilər. Azərbaycanın sülh siyasətinə qarşı edilən bu cür təxribatlar yalnız bir həqiqəti göstərir: bölgədə sabitliyin əsas təminatçısı məhz güclü və prinsipial Azərbaycan dövlətidir.
Əgər Tehran bu reallığı nəzərə almasa, Naxçıvana qarşı atılan addım İranın regional siyasətində daha böyük böhranın, hətta siyasi çöküş prosesinin başlanğıcı kimi tarixə düşə bilər”.