backend

Bakıda Qlaukoma ilə bağlı beynəlxalq konfrans keçirilib

13 mart 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyəti tərəfindən birgə təşkil olunan Beynəlxalq “Qlaukoma Həftəsi” çərçivəsində Azərbaycan Qlaukomatoloqlarının VII elmi-praktiki konfransı keçirilib.

Qaynarxett.az xəbər verir ki, tədbirin əsas məqsədi qlaukomanın diaqnostika və müalicəsində müasir yanaşmaların müzakirəsi, beynəlxalq təcrübə mübadiləsinin aparılması və mütəxəssislər arasında elmi əməkdaşlığın genişləndirilməsi olub.

Konfrans çərçivəsində minimal invaziv qlaukoma cərrahiyyəsi, xəstəliyin monitorinqində süni intellektin tətbiqi, refraktiv əməliyyatlardan sonra yaranan qlaukoma halları və mürəkkəb klinik situasiyaların idarə olunması kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılıb.

Tədbirdə Mərkəzin əməkdaşları ilə yanaşı, müxtəlif klinikalardan, eləcə də İsveçrə, Almaniya, Hindistan, Sinqapur və digər ölkələrdən olan tanınmış mütəxəssislər çıxış ediblər. Çıxışlar oftalmologiya sahəsində beynəlxalq təcrübənin paylaşılmasına və yeni müalicə üsullarının təqdim olunmasına mühüm töhfə verib.

Bununla yanaşı, konfrans çərçivəsində İlham Əliyev tərəfindən irəli sürülən “Böyük Qayıdış” proqramına uyğun olaraq, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 2024-cü ildən etibarən işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi tədbirlər, Səyyar Klinikanın fəaliyyəti və ümumilikdə konfransın əhəmiyyəti ilə bağlı müsahibələr də təqdim olunub.

Qeyd edək ki, bu cür beynəlxalq tədbirlər qlaukoma ilə mübarizədə innovativ yanaşmaların tətbiqinə və ölkəmizdə oftalmologiya sahəsinin daha da inkişafına xidmət edir.