backend

Sahib Əliyev: Aprel döyüşləri “mümkünsüz” deyilənin mümkünlüyünü sübut etdi

2016-cı il aprelin 2-də başlanan və tarixə Aprel döyüşləri kimi düşən hərbi qarşıdurma Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

Milli Məclisin deputatı Sahib Əliyev sosial şəbəkə hesabında bu barədə paylaşım edərək bildirib ki, həmin döyüşləri bir cümlə ilə ifadə etmək lazım gəlsə, qazanılan qələbə zahirən kiçik təsir bağışlasa da, status-kvonun sındırılması baxımından böyük əhəmiyyət daşıyıb.

Deputat vurğulayıb ki, uzun illər beynəlxalq dairələr, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrləri münaqişənin hərbi yolla həllinin mümkün olmadığını israrla bildirirdilər. Lakin Azərbaycan 2016-cı ilin aprelində ortaya qoyduğu iradə ilə bunun əksini sübut etdi.

Onun sözlərinə görə, Aprel döyüşləri nəticəsiz danışıqlar prosesinə alternativin mövcud olduğunu nümayiş etdirdi və illərlə qəbul etdirilməyə çalışılan “reallığın” dəyişdirilə biləcəyini ortaya qoydu.

Sahib Əliyev qeyd edib ki, məhz həmin “mümkün” sonradan torpaqlarımızın işğaldan azad olunmasına, separatçı rejimin süqutuna və Qarabağdan çıxılmaz sayılan qüvvələrin bölgəni tərk etməsinə gətirib çıxardı.

Deputatın fikrincə, Aprel döyüşləri Azərbaycanın həm hərbi, həm də siyasi iradəsinin nümayişi olmaqla yanaşı, gələcək qələbələrin əsasını qoyan mühüm mərhələ kimi tarixə düşüb.