backend

Qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra region dövlətləri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirmişdir. Ölkəmiz qonşu dövlətlərlə əlaqələri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında quraraq Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə töhfə verir. Bu siyasətin əsas istiqamətlərindən biri regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi və xalqlar arasında dostluq münasibətlərinin gücləndirilməsidir. Azərbaycan müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsini dəstəkləyir və regional təşəbbüslərin inkişafına önəm verir.
Enerji, nəqliyyat və logistika sahələrində həyata keçirilən böyük layihələr region ölkələri arasında əməkdaşlığı daha da gücləndirir. Bu layihələr sayəsində dövlətlər arasında iqtisadi əlaqələr möhkəmlənir və qarşılıqlı tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur. Azərbaycan bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edərək regionun inkişafında mühüm rol oynayır.
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat da iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Səfər çərçivəsində səsləndirilən fikirlər Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəm əsaslar üzərində qurulduğunu göstərməklə yanaşı, regionda baş verən siyasi və iqtisadi proseslər fonunda xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. İki ölkə arasında ali səviyyədə keçirilən görüşlər, imzalanan sənədlər və həyata keçirilən birgə layihələr bu əməkdaşlığın davamlı inkişaf etdiyini göstərir. Qarşılıqlı etimad və siyasi iradə bu münasibətlərin daha da möhkəmlənməsinə imkan yaradır.
Enerji sahəsində əməkdaşlıq iki ölkə münasibətlərinin əsas istiqamətlərindən biridir. Azərbaycan uzun illərdir ki, enerji sahəsində etibarlı tərəfdaş kimi tanınır və bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Ölkəmizin zəngin enerji resursları və həyata keçirilən iri infrastruktur layihələri nəticəsində enerji daşıyıcıları beynəlxalq bazarlara təhlükəsiz və fasiləsiz şəkildə çatdırılır. Bu isə Avropanın və digər regionların enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır.
İqtisadi əməkdaşlıq məsələləri də bəyanatda geniş yer aldı. Qeyd olundu ki, Azərbaycan və Gürcüstan regionda həyata keçirilən böyük enerji və nəqliyyat layihələrinin əsas iştirakçılarıdır. Azərbaycanın enerji resursları Gürcüstan ərazisindən keçməklə dünya bazarlarına çıxarılır və bu əməkdaşlıq hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Orta Dəhlizin inkişafının vacibliyini qeyd edərək bildirdi ki, bu marşrut Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat xəttinə çevrilməkdədir. Bu istiqamətdə birgə fəaliyyət regionun beynəlxalq ticarətdə rolunu daha da artırır.
Bəyanatda təhlükəsizlik məsələlərinə də toxunuldu. Dövlət başçısı regionda sülh və sabitliyin qorunmasının əsas prioritetlərdən biri olduğunu vurğuladı və münaqişələrin beynəlxalq hüquq normaları əsasında həll edilməsinin vacibliyini qeyd etdi. Azərbaycan bu istiqamətdə səylərini davam etdirərək regionda əməkdaşlıq və sabitliyin möhkəmlənməsinə töhfə verir.
Humanitar sahədə əlaqələrin inkişafı da diqqət mərkəzindədir. İki xalq arasında mövcud olan tarixi dostluq münasibətlərinin daha da inkişaf etdiyi bildirildi, xüsusilə təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri qeyd olundu.
Ümumilikdə, Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Bu əlaqələr regionda sabitlik, inkişaf və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri