backend

Sahibkarın ən böyük kapitalı təkcə sərvəti deyil, etibarıdır

Sahibkar yalnız qazanc qazanan insan deyil. O, həm də yaşadığı torpağın nəfəsini duyan, xalqının taleyini öz taleyindən ayrı görməyən şəxs olmalıdır. Çünki vətənə bağlı olmayan sərvət, kökü olmayan ağaca bənzəyir. Bir müddət ayaqda qalsa da, ilk fırtınada sınmağa məhkumdur.
Əsl sahibkar anlayır ki, onun qazandığı hər uğur təkcə şəxsi yüksəliş deyil, həm də cəmiyyətə təsir edən bir məsuliyyətdir. O fabrik açanda yalnız divar tikmir, ümid yaradır. O iş yeri quranda yalnız maaş vermir, insanlara sabaha inam bəxş edir. O sərmayə qoyanda təkcə öz gələcəyini yox, vətənin iqtisadi dayaqlarını da möhkəmləndirir.

Vətənə bağlı sahibkar torpağa sadəcə bazar kimi baxmaz. O bu torpağa ana kimi baxar. Ana insanı necə böyüdürsə, vətən də sahibkarı elə böyüdür. Bu səbəbdən sahibkar qazandığını yalnız öz rahatlığına deyil, millətin gücünə, dövlətin sabitliyinə, xalqın rifahına çevirməyi bacarmalıdır.
Unutmaq olmaz ki, dövlətin qüdrəti yalnız ordunun gücü ilə deyil, həm də vicdanlı sahibkarın duruşu ilə ölçülür. Çünki iqtisadiyyat müstəqilliyin görünməyən qalasıdır. O qalanı isə vətəninə bağlı, ləyaqətli və məsuliyyətli insanlar qururlar.
Bu gün sahibkarın qarşısında duran ən böyük sual budur: “Mən yalnız özüm üçünmü qazanıram, yoxsa xalqım üçün də dəyər yaradıram?” Bu sualın cavabı insanın böyüklüyünü müəyyən edir. Çünki pul insanı varlı edə bilər, amma yalnız vətən sevgisi onu uca edə bilər.

Sonda demək istəyirəm: sahibkarın ən böyük kapitalı təkcə sərvəti deyil, etibarıdır. Etibar isə vətənə sədaqətdən başlayır. Vətəninə bağlı sahibkar təkcə bazar adamı deyil, millətin dayağı, dövlətin görünməyən əsgəri və sabahın qurucusudur.

Sahibkarın qazancı cibində görünər, vətənə bağlılığı isə tarixdə.


David Seliverstov 

Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri