backend

Laçın sərhəd-keçid məntəqəsi: 3 ildə suverenliyin praktik təminatı və yeni təhlükəsizlik reallığı

Laçın istiqamətində dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılmasından üç il ötür.. 

Qaynarxett.az xatırladır ki, 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında buraxılış məntəqəsi qurulub.

Yeni yaradılan məntəqədə Azərbaycan Bayrağının ucaldılması mərasimi keçirilib və bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə olunub. Dövlət başçısının da vurğuladığı kimi, bu tarix Azərbaycanın ərazi bütövlüyünün tam bərpasının mühüm mərhələsi kimi qiymətləndirilir.




Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, ötən üç il ərzində Laçın sərhəd-keçid məntəqəsi Azərbaycanın suveren hüquqlarının təmin olunması və sərhəd nəzarətinin gücləndirilməsi baxımından mühüm rol oynayıb. Onun sözlərinə görə, əsas nailiyyətlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri üzərində faktiki nəzarətin tam şəkildə təmin edilməsidir. Məntəqənin fəaliyyəti nəticəsində əraziyə giriş-çıxışlar hüquqi prosedurlar əsasında tənzimlənir, qeyri-qanuni keçidlərin qarşısı alınır və ümumi təhlükəsizlik mühiti möhkəmlənir.

Deputat qeyd edib ki, sərhədçilər yüksək peşəkarlıq və operativlik nümayiş etdirərək müasir nəzarət mexanizmlərindən istifadə edirlər. Bu isə həm təhlükəsizlik, həm də idarəetmə baxımından effektiv nəticələr verir.

Vüqar İskəndərovun fikrincə, gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, bu məntəqənin funksiyaları daha da genişlənə bilər. Belə ki, sərhəd-keçid məntəqəsi yalnız təhlükəsizlik deyil, həm də ticarət, tranzit və humanitar əlaqələrin inkişafı üçün vacib platformaya çevrilə bilər.



Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, Laçın sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasında həlledici rol oynayıb. Onun sözlərinə görə, uzun illər ərzində Gorus–Laçın yolu vasitəsilə Ermənistan tərəfindən Azərbaycan ərazisinə silah-sursat, canlı qüvvə və hərbi texnika daşınırdı və bu resurslar separatçı qüvvələr tərəfindən istifadə olunurdu.

Ekspert vurğulayıb ki, məntəqənin qurulması ilə Ermənistanın Qarabağla əlaqəsi faktiki olaraq kəsildi və separatçı rejim xarici dəstəkdən məhrum oldu. Nəticədə 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri zamanı qanunsuz silahlı birləşmələr qısa müddətdə təslim oldular və Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa edildi.

Beləliklə, Laçın sərhəd-keçid məntəqəsi son üç ildə təkcə təhlükəsizlik baxımından deyil, həm də regionda yeni siyasi və hərbi reallıqların formalaşmasında əsas amillərdən biri kimi çıxış edib.