backend

“Metro, şəxsi avtomobil, yoxsa velosiped? Deputatlardan maraqlı cavablar”

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev müsahibəsində bildirib ki, Bakı metrosundan tez-tez istifadə edir.
Maraqlıdır, Millət vəkilləri də qurum sədri kimi Bakı metrosundan istifadə edirlərmi
EDnews bununla bağlı deputatlar arasında sorğu keçirdi. Parlamentarilər sorğuya cavabları belə oldu: 
Azər Badamov:
“Müəyyən hallarda ictimai nəqliyyata üstünlük verirəm. Xüsusilə şəhərdə tıxac çox olduqda metrodan və avtobusdan istifadə edirəm. Sonuncu dəfə isə keçən həftə istifadə etmişəm. Mən burada qeyri-adi heç nə görmürəm. Hər bir insan, tutduğu vəzifədən asılı olmayaraq, ictimai nəqliyyatdan istifadə edə bilər və etməlidir. İnsanların arasında olmaq, sadəliyimizi göstərmək bizi xalqa daha da yaxın edir". 
Razi Nurullayev:
"Əvvəllər mütəmadi olaraq metrodan və avtobusdan istifadə edirdim. İndi yaşadığım yer metroya yaxın olmadığı üçün əvvəlki qədər istifadə edə bilmirəm. Lakin uzun illər ictimai nəqliyyatdan çox istifadə etmişəm. Bəzən metro və ictimai nəqliyyatın vəziyyətini yaxından görmək üçün də istifadə edirəm. Təxminən 40-45 yaşlarıma qədər demək olar ki, daim ictimai nəqliyyatdan istifadə etmişəm. Yəni ömrümün böyük bir hissəsi metro və digər ictimai nəqliyyat vasitələri ilə keçib. Bu gün də ictimai nəqliyyatdan istifadənin tərəfdarıyam. Heç olmasa ayda bir dəfə metrodan istifadə edirəm ki, oradakı vəziyyəti görüm”.
Hikmət Babaoğlu: 
"İlk olaraq, AYNA-nın sədri Anar bəyin ictimai nəqliyyatdan istifadə etməsi təqdirəlayiq haldır. Çünki bu gün urbanizasiya problemi dünyanın bütün böyük şəhərləri üçün aktualdır.
Dünyanın hər yerində ictimai nəqliyyatın inkişafı və piyadayönümlü şəhər konsepsiyası əsas prioritetlərdən biri hesab olunur. Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülür. Mənim ən çox sevdiyim nəqliyyat növü isə məhz metrodur. Metroya sadəcə A nöqtəsindən B nöqtəsinə getmək vasitəsi kimi baxmıram. Metro həm insanların arasında olmaq, həm də ictimai nəbzi duymaq üçün çox önəmlidir. Bu gün də metrodan istifadə edirəm. Düşünürəm ki, bu, millət vəkili ilə vətəndaş arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edir. Açığı, Avropa ölkələrində velosiped yollarını görəndə həmişə həsəd aparmışam. Xüsusi zolaqlar ayrılır və insanlar rahat şəkildə velosipeddən istifadə edə bilirlər. Sevindirici haldır ki, artıq Bakıda da bu istiqamətdə işlər görülür. Hətta düşünürəm ki, bir gün velosipedlə şəhərdə hərəkət edim". 
Vüqar İskəndərov:
"Əvvəllər metrodan daha çox istifadə edirdim. Metro mənim üçün hər zaman sevdiyim və maraqlı məkanlardan biri olub. Eyni zamanda ictimai nəqliyyat sisteminin ən vacib hissələrindən biridir. Çünki metro yeraltı nəqliyyat vasitəsi olaraq insanların mənzil başına daha sürətli və çevik şəkildə çatmasını təmin edir. Bu baxımdan əvəzsiz nəqliyyat növüdür. Hazırda vaxtım nisbətən sərbəst olanda metrodan istifadə edirəm. Amma bu çox az hallarda baş verir. Bu da əsasən fəaliyyətimiz və iş rejimimizlə bağlıdır".
Səyyad Aran:
"Fürsət düşdükcə həm avtobusdan, həm də metrodan istifadə edirəm. Məncə, xalqdan ayrı düşmək düzgün deyil. İnsanlar cəmiyyətin içində olmalıdırlar. Tam səmimi deyirəm, metro yadımda deyil, amma təxminən bir ay əvvəl avtobusdan istifadə etmişəm. İnsan lazım gəldikdə ictimai nəqliyyatdan istifadə etməlidir. Hər yerə yalnız şəxsi avtomobillə getmək düzgün deyil. Heç kim özünü cəmiyyətdən üstün tutmamalıdır".