backend

Göydəniz Qəhrəmanov: “Dəmir Yolu Əlaqəsi Turizmə Böyük Töhfə Verəcək“

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu regional əməkdaşlıq siyasəti nəticəsində Bakı–Tbilisi qatar xəttinin yenidən fəaliyyətə başlaması və Azərbaycan vətəndaşlarının Gürcüstana giriş-çıxışı ilə bağlı imkanların genişlənməsi turizm sektoru üçün mühüm addım hesab olunur. Bu qərar həm iki ölkə arasında turist axınının artmasına, həm də regionda iqtisadi və mədəni əlaqələrin daha da güclənməsinə xidmət edəcək.

Uzun illərdir Azərbaycan və Gürcüstan arasında formalaşmış turizm əlaqələri hər iki ölkənin iqtisadiyyatına mühüm töhfə verib. Gürcüstan Azərbaycanlı turistlərin ən çox səfər etdiyi istiqamətlərdən biri olduğu kimi, Azərbaycan da Gürcüstan vətəndaşları üçün maraqlı turizm mərkəzlərindən hesab olunur. Dəmir yolu əlaqəsinin yenidən açılması daha sərfəli, rahat və təhlükəsiz səyahət imkanları yaradaraq turist axınının artmasına səbəb olacaq.

Xüsusilə Bakı–Tbilisi qatar marşrutu həm klassik səyahət ənənələrini yaşadan, həm də regionun turizm potensialını birləşdirən xüsusi nəqliyyat xəttidir. Qatar səyahəti turistlər üçün yalnız bir nəqliyyat vasitəsi deyil, həm də marşrut boyunca bölgələrin təbiətini, mədəniyyətini və ölkələrin həyat tərzini müşahidə etmək imkanı yaradan fərqli turizm təcrübəsidir. Bu baxımdan sözügedən xəttin fəaliyyətə başlaması regional turizm paketlərinin hazırlanmasına da yeni imkanlar açır.

Eyni zamanda bu addım Azərbaycanın regionun əsas turizm və nəqliyyat mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirir. Bakı ilə Tbilisi arasında yenidən canlanan dəmir yolu əlaqəsi Cənubi Qafqazda turizmin inkişafına yeni dinamika qazandıracaq.

Göydəniz Qəhrəmanov
Milli Məclisin deputatı