backend

“WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir” – Sevinc Hüseynova

Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı (WUF13) çıxışı ölkəmizin şəhərsalma siyasətinin mahiyyətini və strateji baxışını ətraflı şəkildə əks etdirdi.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. 
Deputat bildirib ki, 182 ölkədən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və təşkilatçılıq qabiliyyətinin bariz göstəricisidir: 
“Bu Forum COP29-dan sonra ölkəmizdə keçirilən ən irimiqyaslı ikinci tədbir kimi tarixə düşdü. Əminəm ki, Forumun nəticələri də COP29 kimi uğurlu olacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan coğrafi mövqeyinə uyğun olaraq Şərq-Qərb mədəniyyətlərinin qovuşduğu məkan kimi memarlıq tarixində də bu zənginliyi yaşadır. Bakıda qədim İçərişəhərin divarlarından bir addım kənara çıxanda müasir şəhərin mənzərəsi ilə qarşılaşırıq. Genişlənən Bulvar, XIX əsr Avropa memarlığı və müasir tikililər birgə harmoniya yaradır. Bu, tarixi irsi qoruyub saxlamaqla yanaşı, gələcəyə yönəlik inkişafın ən gözəl nümunəsidir”.
Deputat bildirib ki, bu ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması çox əhəmiyyətli addımdır: “Ölkəmizin BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığı, işğaldan azad edilmiş ərazilərdə keçirilmiş milli forumlar bu sahədə sistemli işlərin aparıldığını göstərir. Cənab Prezidentimizin vurğuladığı kimi, Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki, Kiş, Lahıc və Şuşa kimi qədim məskənlərimiz zəngin memarlıq irsimizlə fəxr edə bilər. 
Qız qalası, Möminə xatun türbəsi, qədim kilsələr və məscidlər, hətta Lahıcın 15 əsr əvvəl salınmış kanalizasiya sistemi əcdadlarımızın yüksək mədəniyyət və mühəndislik səviyyəsini təsdiqləyir. Cənab Prezidentin çıxışında tarixi irsin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi vacib vəzifə kimi vurğulandı. Şəhər inkişafında cəsarətli olmaqla yanaşı, ehtiyatlı davranmağın vacibliyini Bakı Qran-Prisi ilə müqayisə edərək izah etmək çox dəqiq və yaddaqalan idi. Sürətli inkişaf istəyirik, amma tarixi-mədəni irsimizə toxunmadan, onu qoruyaraq irəliləməliyik. 
Dövlət başçısının vurğuladığı kimi, hazırda Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Otuz ilə yaxın erməni işğalı altında qalan bu ərazilər məqsədli şəkildə dağıdılmış, şəhərlər və kəndlər tamamilə viran edilmişdir. Ağdamın beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırılması işğal dövründə törədilən dağıntıların miqyasını və vandalizmin səviyyəsini açıq şəkildə göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə misilsiz bərpa proqramı həyata keçirir. 
Böyük Qayıdış Proqramı çərçivəsində şəhər və kəndlərin Baş planları hazırlanır, müasir infrastruktur qurulur, tunellər, körpülər, dəmir yolları, elektrik stansiyaları, məktəblər, xəstəxanalar və beynəlxalq hava limanları tikilir. Cəmi beş il ərzində həyata keçirilən bu layihələr Azərbaycanın güclü iqtisadi potensialını və siyasi iradəsini nümayiş etdirir. Bu gün artıq 85 mindən çox azərbaycanlının doğma torpaqlarında yaşaması Böyük Qayıdış prosesinin real nəticəsidir. Dövlət başçısının da vurğuladığı kimi, əsas məqsədlərdən biri yalnız yaşayışın təmin edilməsi deyil, eyni zamanda insanların məşğulluğunun, sosial rifahının və dayanıqlı həyat şəraitinin formalaşdırılmasıdır. Bu məqsədlə yaradılan sənaye zonaları və iqtisadi layihələr keçmiş məcburi köçkünlərin öz yurdlarına sürətli və davamlı qayıdışını təmin edir”. 
Deputat bildirib ki, eyni zamanda, Bakıda ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlər də diqqətəlayiqdir: “Qara Şəhərin Ağ Şəhərə çevrilməsi, yeni parkların salınması, ictimai nəqliyyatın modernləşdirilməsi paytaxtımızın simasını tamamilə dəyişib. Bu Forum ölkəmiz üçün həm təcrübə mübadiləsi, həm də beynəlxalq əməkdaşlığı genişləndirmək baxımından böyük fürsətdir. Cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan şəhərsalma sahəsində də müasir, dayanıqlı və insan mərkəzli siyasət həyata keçirir”.