Milli Məclisin deputatı Razi Nurullayev parlamentin plenar iclasında müzakirəyə çıxarılan “Kraudfandinq haqqında” qanun layihəsi ilə bağlı çıxış edib.
Deputat bildirib ki, sözügedən qanun layihəsi sadəcə yeni hüquqi sənəd deyil, düzgün tətbiq ediləcəyi təqdirdə ölkənin rəqəmsal iqtisadiyyat ekosistemində, xüsusilə startapların və kiçik sahibkarlığın maliyyələşdirilməsində mühüm dönüş nöqtəsinə çevrilə bilər.
Razi Nurullayev qeyd edib ki, hazırda innovativ ideyaları olan gənclər və startaplar bank kreditlərinə çıxış zamanı yüksək faizlər və ağır girov tələbləri ilə üzləşirlər. Onun sözlərinə görə, qanun layihəsi rəqəmsal platformalar vasitəsilə birbaşa vətəndaşlardan və investorlardan vəsait toplamağa imkan verərək alternativ maliyyələşmə mexanizmi formalaşdıracaq.
Deputat vurğulayıb ki, qanunun qəbulundan sonra kapital bazarlarına çıxış daha da genişlənəcək və hətta kiçik məbləğdə vəsaitə malik vətəndaşlar da perspektivli layihələrə sərmayə yatıraraq onların inkişafında iştirak edə biləcəklər. Bu isə həm əhalinin yığımlarının iqtisadiyyata yönəldilməsinə, həm də yeni ideyaların daha sürətlə reallaşmasına şərait yaradacaq.
Çıxışı zamanı maarifləndirmə məsələsinə də toxunan Razi Nurullayev bildirib ki, cəmiyyətin kraudfandinq sahəsində bilik səviyyəsi hələ də aşağıdır. Buna görə də insanların həm imkanlar, həm də risklər barədə ətraflı məlumatlandırılması vacibdir.
Deputat layihənin müsbət tərəflərindən danışaraq qeyd edib ki, qanunda həm pay müqabilində, həm də borc formasında vəsait toplamaq imkanları nəzərdə tutulub. Eyni zamanda investorların vəsaitlərinin qorunması, məlumatların şəffaf təqdim edilməsi və risklər barədə əvvəlcədən xəbərdarlıq mexanizmləri də layihədə əksini tapıb.
Bununla yanaşı, Razi Nurullayev qanunun tətbiqində həddindən artıq bürokratik prosedurların yaradılmasının yolverilməz olduğunu bildirib. Onun fikrincə, platformaların qeydiyyat prosesi sadə və çevik olmalı, bazara giriş üçün əlavə maneələr yaradılmamalıdır.
Deputat həmçinin vurğulayıb ki, Mərkəzi Bank tərəfindən effektiv nəzarət mexanizmləri qurulmalı, maliyyə fırıldaqçılığı və dələduzluq hallarının qarşısı qətiyyətlə alınmalıdır.
Sonda Razi Nurullayev qanunun icrasında üç əsas prinsipin rəhbər tutulmasını təklif edib: sadə qeydiyyat, şəffaf nəzarət və investorların maarifləndirilməsi. O qeyd edib ki, vətəndaşlar kraudfandinqin bank əmanəti olmadığını, burada həm risklərin, həm də yüksək gəlir imkanlarının mövcud olduğunu aydın şəkildə anlamalıdırlar.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Sosial
Sosial / Iqtisadiyyat
Sosial / Iqtisadiyyat
Sosial / Iqtisadiyyat
gundem / Sosial








