backend

Razi Nurullayev: Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirən strateji platformadır

Milli Məclisin deputatı Razi Nurullayev Şuşa Qlobal Media Forumunun Azərbaycanın beynəlxalq mövqeyinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Deputat sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə qeyd edib ki, Şuşa Qlobal Media Forumu artıq təkcə media nümayəndələrinin görüş məkanı deyil, Azərbaycanın özünü beynəlxalq ictimaiyyətə təqdim etdiyi ən önəmli platformalardan birinə çevrilib. Onun sözlərinə görə, Forumun əhəmiyyətini artıran əsas amillərdən biri Prezident İlham Əliyevin tədbirdə şəxsən iştirak etməsi və dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını açıq formatda cavablandırmasıdır.
Razi Nurullayev vurğulayıb ki, bir neçə il əvvəl Şuşada onlarla ölkədən jurnalistlərin toplaşmasını, aparıcı beynəlxalq media qurumlarının nümayəndələrinin burada müzakirələr aparmasını təsəvvür etmək çətin idi. Bu gün isə belə bir mənzərə Azərbaycanın siyasi nüfuzunun və beynəlxalq maraq dairəsindəki rolunun əhəmiyyətli dərəcədə artdığını nümayiş etdirir.
Deputat builki Forumun miqyasına da diqqət çəkərək bildirib ki, tədbirdə 53 ölkədən 160 nümayəndə, o cümlədən 30 xəbər agentliyi, 60-dan çox media qurumu və 10 beynəlxalq təşkilat təmsil olunur. Onun sözlərinə görə, son dörd ildə isə Forum 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirib ki, bu da tədbirin ildən-ilə artan nüfuzunun göstəricisidir.
Razi Nurullayev hesab edir ki, informasiya mübarizəsinin siyasi və iqtisadi rəqabətlə eyni dərəcədə əhəmiyyət kəsb etdiyi müasir dövrdə Azərbaycanın mövqeyinin dünya mediasına birbaşa çatdırılması, açıq dialoqun qurulması və beynəlxalq auditoriya ilə birbaşa ünsiyyət imkanlarının yaradılması strateji üstünlükdür.
Deputatın fikrincə, Şuşa Qlobal Media Forumu bu baxımdan Azərbaycanın yumşaq gücünü möhkəmləndirən və ölkənin beynəlxalq nüfuzunu daha da artıran mühüm platforma kimi öz mövqeyini möhkəmləndirir.