backend

Cavanşir Feyziyev:“Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərindən məzun olan gənclərin diplomları Azərbaycanda rəsmən tanınır”

Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında təhsil sahəsində əməkdaşlıq son illərdə inkişaf edən istiqamətlərdən biridir. Ali təhsil müəssisələri arasında əlaqələrin genişlənməsi, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının tətbiqi və azərbaycanlı tələbələr üçün yaradılan imkanlar iki tərəf arasında təhsil əməkdaşlığının əsas istiqamətlərini təşkil edir.Hazırda Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır. Eyni zamanda, iki ölkənin universitetləri arasında əlaqələrin və professor-müəllim heyəti üzrə əməkdaşlığın genişləndiyi bildirilir.

Azərbaycan–Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Cavanşir Feyziyev qaynarxett.az-a açıqlamasında Azərbaycan və Şimali Kipr arasında təhsil əməkdaşlığının hazırkı səviyyəsini, azərbaycanlı tələbələr üçün mövcud imkanları, diplomların tanınmasını və gələcək əməkdaşlıq perspektivlərini dəyərləndirib.

Şimali Kipr Türk Respublikası kifayət qədər yaxşı inkişaf etmiş müasir təhsil sisteminə malikdir. Təhsil proqramları və metodikası Türkiyə və Böyük Britaniya təhsil sistemlərinin qabaqcıl təcrübəsi əsasında tərtib olunub. Onlarla xarici ölkədən Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərində ali təhsil alırlar. Hazırda azərbaycanlı tələbələrin sayı 500 ətrafında dəyişir.
Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərindən məzun olmuş gənclərin diplomu ölkəmizdə rəsmən tanınır. Ona görə də Azərbaycandan bu ölkəyə təhsil almağa gedən gənclərin sayı ilbəil artmaqdadır.
İki ölkənin təhsil nazirlikləri arasında işgüzar münasibətlər mövcuddur. Universitetlərimiz arasında birbaşa əlaqələr var və təcrübə mübadiləsi aparılır. Ölkələrimiz arasında münasibətlərin indiki mərhələsində təhsil sahəsində əməkdaşlığımızı uğurlu hesab etmək olar, amma bu əlaqələri daha da inkişaf etdirmək üçün daha çox potensial da mövcuddur.

İlk növbədə mövcud imkanlar barəsində məlumatlandırma işləri genişləndirilməlidir. Şimali Kiprin təhsil yönəticiləri və universitet rəhbərləri ilə görüşlərimdə onları Azərbaycanda keçirilən təhsil yarmarkalarında iştirak etməyə və öz imkanları haqqında Azərbaycan cəmiyyətinə ətraflı bilgi verməyə dəvət etmişəm.
Son iki ildə Şimali Kipr universitetlərinin rektorlarının ölkəmizin ali məktəbləri ilə əlaqələri əhəmiyyətli dərəcədə artıb. Onlar da ölkəmizdən gələn tələbə sayının artmasında maraqlıdırlar. Bu məqsədlə bəzi universitetlər Azərbaycanlı tələbələrə xüsusi güzəştlər də edirlər.

Şəhid və qazi ailələrindən, eləcə də aztəminatlı ailələrdən gələn tələbələr üçün xüsusi təqaüdlər müəyyən olunub və abituriyentlərimiz bu kimi imtiyazlardan faydalana bilərlər.
Belə proqramlar artıq mövcuddur. Hazırda təxminən 30 Azərbaycanlı alim bu ölkənin müxtəlif universitetlərində professor-müəllim olaraq dərs verirlər. Bir sıra universitetlər arasında ikili diplomların tətbiq olunması ilə bağlı danışıqlar aparılır. Düşünürəm ki, belə təşəbbüslərin sayı ilbəil artacaq.
Şimali Kiprdə bakalavr təhsili almış bütün tələbələrin diplomları Azərbaycanın müvafiq qurumları tərəfindən tanınır, indiyədək bu mövzuda hər hansı bir şikayət və müraciətə rast gəlməmişəm.

Adətən keyfiyyətli və səmərəli koordinasiyalar bir-iki ildə qurulmur. İllərlə davam edən uzunmüddətli əməkdaşlıq daim yeni təşəbbüslərin və layihələrin ortaya çıxmasına və tərəflər arasında daha faydalı iş birliyinin yaranmasına səbəb olur.
Parlamentlərarası əlaqələr üzrə işçi qrupumuz cəmi iki il öncə yaranıb. Bu, öz-özlüyündə ikitərəfli münasibətlərimizin tarixində çox önəmli bir hadisə idi. Bu iki il ərzində nümayəndə heyətlərimiz çox intensiv şəkildə qarşılıqlı səfərlər edib və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni-humanitar əlaqələrin canlandırılması üçün müzakirələr aparıblar.

Bu müzakirələrin nəticəsi olaraq Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı bir sıra mədəniyyət tədbirləri keçirilib. Azərbaycan və Şimali Kipr eyni zamanda TDT çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Düşünürəm ki, göstərilən səylər öz bəhrəsini verəcək.
Təhsil sahəsində əməkdaşlıq bir çox digər sahələrdə əməkdaşlığa da rəvac verə bilər. Məsələn, Şimali Kipr Türk Respublikasında tibb təhsili almış həkimlər ölkəmizə qayıtdıqdan sonra da oxuduqları universitetlərlə əlaqələrini davam etdirir, peşəkar təcrübə mübadilələri edir, az rast gəlinən xəstəliklərin müalicəsi üzrə birgə layihələrdə iştirak edirlər.

Məsələn, Şimali Kiprdə Parkinson xəstəliyinin əməliyyat yolu ilə müalicəsi metodikası mövcuddur, belə əməliyyatlar Azərbaycanda həyata keçirilmir. Odur ki, bir sıra pasiyentlər bu nadir əməliyyatı etdirmək üçün Şimali Kiprə gedirlər. Beləliklə, tibb sahəsində qarşılıqlı əməkdaşlıq formulu yaranır.
İstisna etmirəm ki, bir gün bu tipli nadir əməliyyatlar Şimali Kiprdə tibb təhsili almış gənc həkimlərimiz tərəfindən Azərbaycanda da edilə biləcək.

Azərbaycanlı gənclər üçün Şimali Kiprdə turizm sahəsində təhsil almaq və eyni zamanda işlə təmin olunmaq imkanları da böyükdür. İş icazələrinin verilməsində də Azərbaycan vətəndaşlarına xüsusi güzəştlər tətbiq olunur.
Düşünürəm ki, təhsil və iş üçün Şimali Kipr Türk Respublikasına gedən bütün Azərbaycanlı gənclər qısa bir müddət ərzində yerli şəraitə uyğunlaşa və böyük uğurlar qazana bilərlər.

Şimali Kipr Türk Cümhuriyyəti bizim üçün uzaq və yad bir məmləkət deyil. Şimali Kipr türk xalqı bizimlə eyni soy-kökünə, ortaq tarixə və mədəniyyətə malik olan qardaşlarımızın yaşadığı məkan olaraq böyük Türk dünyasının ayrılmaz bir parçasıdır deyə deputat əlavə edib.