Şimali Kipr Türk Cümhuriyyətinin Rauf Denktaş Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Erol Güvən universitetin fəaliyyəti, Azərbaycanla əməkdaşlıq əlaqələri və gələcək planları barədə açıqlama verib.
Erol Güvən bildirib ki, bu, universitet nümayəndə heyətinin Azərbaycana ikinci səfəridir və hər iki səfər zamanı onlara böyük qonaqpərvərlik göstərilib.
“Azərbaycanda özümüzü heç vaxt yad hiss etmədik. Bu il universitet olaraq əsas məqsədimiz türk dövlətləri ilə əlaqələri daha da gücləndirməkdir. Şimali Kipr Türk Cümhuriyyətinin siyasi statusu ilə bağlı müəyyən çətinliklər olsa da, qardaş Azərbaycan hər zaman bizə dəstək verir. Bu gün tam tanınma olmasa belə, keçirilən beynəlxalq tədbirlər vasitəsilə Şimali Kipr Türk Cümhuriyyətinin adı dünyaya daha çox çatdırılır”, – deyə Erol Güvən vurğulayıb.
O qeyd edib ki, Rauf Denktaş Universiteti 2015-ci ildən tələbə qəbulu həyata keçirir. 2025-ci ildə universitetdə yeni idarəetmə formalaşıb və yeni komanda universitetin beynəlxalq nüfuzunun artırılması istiqamətində fəaliyyət göstərir.
“Universitetimiz Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu Rauf Denktaşın adını daşıyır. Buna görə də iştirak etdiyimiz hər bir ölkədə universitetimizi və onun adını layiqincə təmsil etməyə çalışırıq”, – deyə o bildirib.
Azərbaycan səfəri çərçivəsində liseylərdə və məktəblərdə seminarlar təşkil etdiklərini, bir sıra universitetlərlə görüşlər keçirdiklərini qeyd edən Erol Güvən gələcəkdə tələbə mübadiləsi, ikili diplom proqramları və akkreditasiya sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunduğunu vurğulayıb.
Universitet rəhbərliyi hazırda beynəlxalq akkreditasiyaya malik təhsil proqramları təqdim edir. Erol Güvənin sözlərinə görə, universitetdə Türkiyə Ali Təhsil Şurası (YÖK) tərəfindən təsdiqlənmiş altı proqram fəaliyyət göstərir. Bunlara Biznesin idarə olunması, Maliyyə və bank işi, Beynəlxalq münasibətlər, Beynəlxalq biznes və ticarət, Daxili memarlıq və Proqram mühəndisliyi daxildir.
Bundan əlavə, Hüquq, Beynəlxalq hüquq, Memarlıq və Proqram mühəndisliyi üzrə magistr proqramları da mövcuddur.
Universitetdə yaxın zamanda Psixologiya və Süni İntellekt istiqamətlərinin açılması planlaşdırılır. Həmçinin Proqram mühəndisliyi və Biznesin idarə olunması üzrə doktorantura proqramlarına bu ilin sentyabr ayından tələbə qəbulu nəzərdə tutulur.
Erol Güvən bildirib ki, universitet yalnız nəzəri bilik verməyi deyil, tələbələrin praktik bacarıqlar əldə etməsini də prioritet hesab edir.
“Biz tələbələri sadəcə məzun etməyi deyil, onların gələcək karyeralarına hazır şəkildə başlamalarını istəyirik. Şüarımız beynəlxalq məşğulluqdur. Universitetin Himayəçilər Şurasının rəhbərinin təşəbbüsü ilə məzunların bir qisminin birbaşa şirkətlərdə işlə təmin olunması istiqamətində layihələr həyata keçirilir”, – deyə o qeyd edib.
Azərbaycanlı tələbələr barədə danışan Erol Güvən onların intizamlı, məqsədyönlü və yüksək xarakterə malik olduqlarını bildirib.
Universitet rəsmisi əlavə edib ki, Azərbaycandan qəbul olunan tələbələrə 100 faiz təhsil haqqı güzəşti tətbiq edilir. Tələbələr yalnız qeydiyyat və fəaliyyət haqlarını ödəyirlər. Onlar üçün münasib qiymətlərlə yataqxana, həmçinin yataqxana ilə universitet arasında pulsuz nəqliyyat xidməti təşkil olunub.
“Universitetimizdə açıq qapı prinsipi tətbiq olunur. Tələbələr istənilən vaxt rektorluq və müəllim heyəti ilə görüşə bilirlər. Beynəlxalq ofis olaraq tələbələrin hər bir problemi ilə maraqlanır, onların universitet həyatına uyğunlaşmalarına dəstək göstəririk”, – deyə Erol Güvən vurğulayıb.
O, sonda qeyd edib ki, universitet rəhbərliyi Azərbaycanla əlaqələri daha da genişləndirmək, yeni əməkdaşlıq layihələri həyata keçirmək və iki qardaş ölkə arasında təhsil sahəsində münasibətləri inkişaf etdirmək niyyətindədir.
“Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq səviyyədə tanınan diplom əldə etmək, müasir təhsil imkanlarından yararlanmaq və karyeranızı qlobal səviyyədə qurmaq istəyirsinizsə, Rauf Denktaş Universitetinin təqdim etdiyi imkanlardan faydalana bilərsiniz. Ətraflı məlumat və qəbul şərtləri ilə maraqlanan abituriyentlər və valideynlər universitet nümayəndələri ilə əlaqə saxlaya bilərlər.”
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Iqtisadiyyat





