backend

400 manatla ailə dolandırmaq mümkünsüzdür… – Deputat

Azərbaycanın məşğulluq siyasətinin rəqəmsallaşdırılması və ƏMAS platformasının istifadəyə verilməsi müsbət və təqdirəlayiq addımdır. Hazırda sistemdə 65 mindən çox aktiv vakansiyanın olması əmək bazarında müəyyən hərəkətliliyin göstəricisidir. Lakin əsas sual budur: bu vakansiyalar vətəndaşların peşəsinə, yaşadığı əraziyə, ixtisasına və əməkhaqqı gözləntilərinə nə dərəcədə uyğundur?
Bunu Sosdem.az-a əmək bazarındakı mövcud vəziyyəti, rəqəmsal platformaların effektivliyini və regionlardakı sosial reallıqları şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
“Regionlardakı Reallıq Rəsmi Rəqəmlərlə Üst-Üstə Düşmür”
MCP başqanı bölgələrdə keçirdiyi görüşlər zamanı qarşılaşdığı mənzərənin rəsmi statistikadan fərqləndiyini bildirib:
“Millət vəkili kimi regionlarda keçirdiyim müntəzəm görüşlər zamanı gördüyüm mənzərə rəsmi rəqəmlərlə tam üst-üstə düşmür. İnsanlar daha çox daimi və təminatlı iş yerlərinin azlığından şikayət edirlər. Kənd yerində yaşayan vətəndaşın qarşısına Bakı və ya Abşeron üzrə vakansiya çıxarmaq problemi həll etmir. Çünki həmin insanın nə köçmək imkanı var, nə də təklif olunan əməkhaqqı kirayə və yol xərclərini ödəyir.
Eyni zamanda, sistemdə görünən hər vakansiya real işə qəbul demək deyil. Uzun müddət yenilənməyən, formal xarakter daşıyan və ya namizədi əvvəlcədən müəyyən edilmiş vakansiyalar cəmiyyətdə haqlı narazılıq yaradır. Ona görə də statistikadakı vakansiya sayı ilə real məşğulluq imkanlarını eyniləşdirmək doğru deyil”.
“ƏMAS-da Neçə Şəxsin Uzunmüddətli İşlə Təmin Olunduğu Açıqlanmalıdır”
Millət vəkili məşğulluq siyasətinin qiymətləndirilməsində əsas meyarın işin dayanıqlılığı olduğunu vurğulayıb:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mütəmadi olaraq on minlərlə vətəndaşın işlə təmin olunduğunu açıqlayır. Lakin bu iş yerlərinin nə qədərinin uzunmüddətli olduğu, işə qəbul edilənlərin neçə müddət çalışdığı və hansı hissəsinin tezliklə yenidən işsiz qaldığı barədə ətraflı məlumat verilmir. Məşğulluq siyasətinin real səmərəliliyi yalnız işə qəbul olunanların sayı ilə deyil, onların davamlı və layiqli məşğulluqla təmin edilməsi ilə ölçülməlidir”.

“400-600 Manatlıq Əməkhaqqı İlə Ailə Saxlamaq Çətindir”
Deputat əməkhaqqı diapazonu və regionların iqtisadi inkişafı məsələsinə də diqqət çəkib:
“Sistemdə ən yüksək əməkhaqqı 10 min, ən aşağı isə 400 manat təşkil edir. Yüksək maaşlı vakansiyalar sevindirici olsa da, böyük əksəriyyət aşağı və orta diapazondadır. Bugünkü qiymətlər fonunda 400-600 manatlıq əməkhaqqı ilə, xüsusilə kirayədə yaşayan və ya rayonlardan gələn şəxslər üçün ailə dolandırmaq oldukça çətindir.
Regionlarda sənaye, emal müəssisələri, aqrar-sanaye, logistika və xidmət sahələri inkişaf etmədən işsizlik problemini yalnız elektron platformalarla həll etmək mümkün olmayacaq. Rəsmi statistika insanların gündəlik həyatda hiss etdiyi sosial reallıqla uyğunlaşmalıdır. Mövcud problemləri etiraf etmək və xüsusilə regionlarda yeni, dayanıqlı, yüksək maaşlı iş yerlərinin yaradılmasını prioritetə çevirmək zəruridir”.