backend

Ləğv olunma təhlükəsi olan PARTİYALARDAN ETİRAZ – “Bu qanun layihəsi saxtakarlığa sövq edir”

Xəbər verdiyimiz kimi, sentyabrın 7-də Milli Məclis tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ictimaiyyətə təqdim edilib.

Layihəyə əsasən, qanunun qəbulundan sonra üzvlərinin sayını 90 gün ərzində 10 min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılacaq.

Üzv sayı 10 mindən aşağı olan partiyalardan biri də Respublikaçı Alternativ Partiyasıdır.
DİA.AZ xəbər verir ki, REAL-ın icra katibi Natiq Cəfərli sözügedən məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında qanun layihəsinin ümumilikdə qəbuledilməz olduğunu qeyd edib:

“Yaxşı ki, bu hələlik layihədir, qanun deyil. Ümid edirik ki, ən azı ictimai müzakirələrdən sonra normal layihə ortaya çıxacaq. Biz öz təkliflərimizi vermişik, göndərməyə də davam edəcəyik. Problem burasındadır ki, siyasi partiyaların fəaliyyəti saydan asılı deyil, bu ideoloji məsələdir. Dünyanın bir çox ölkələrində, ümumiyyətlə, partiyalara üzvlük məsələsi yoxdur”.

REAL icra katibi əlavə edib ki, partiyanın üzv sayı təbii olaraq artır:

“Hər ay, 100-150, yay aylarında isə bir qədər aşağı sayda yeni üzvlər qəbul edilir. Biz partiyanın üzv sayını artırmaqla məşğul olmuruq. Üzv sayının partiyanın işinə heç bir aidiyyatı yoxdur. Ötən dekabrda sayımız 4 mindən artıq idisə, yəqin ki, hal-hazırda 5 minə yaxınlaşıb. Amma bu o demək deyil ki, biz qohum-əqrəbamızı gətirib, partiyamıza üzv edək. Bu, saxtakalığın bir növüdür. Partiyaları saxtakarlıqla say artırılmasından çəkindirmək lazımdır. Bu qanun layihəsi isə saxtakarlığa sövq edir”.

Milli Cəbhə Partiyasının sədr müavini Rafiq Daşdəmirli isə bildirib ki, partiyanın qurultayına qədər üzvlərin sayının artırılması istiqamətində işlər görüləcək:

“Partiyamız yeni qeydiyyatdan keçidiyi dövrdə üzvlərimizin sayı 1826 nəfər olub. Hal-hazırda isə bu say 2300 nəfəri keçib. Yəqin ki, yeni qurultayadək üzv sayını 10 minədək çatdırmağa çalışacağıq. Ancaq yaxşı olardı ki, müəyyən edilən say həddi bir qədər aşağı salınsın. Eyni zamanda rayon şöbələrimizin sayının artırılması da nəzərdə tutulur.

Belə ki, hal-hazırda 57 rayon şöbəmiz fəaliyyətdədir. 10 min nəfər üzv sayına çatmaq üçün orta hesabla hər şöbəyə 200-ə yaxın şəxs cəlb etmək lazımdır. Lakin istənilən halda layihə ilə bağlı mən də öz təkliflərimi vermişəm, hal-hazırda da müzakirələr davam edir”.