backend

Elçin Əmirov yenə də iş başındadır – Şəkidəki əməllərini Bakıda təkrarlayır

Azərbaycanda dövlət qurumlarının korrupsiya hallarına yol verdikləri sahələrdən biri də dövlət satınalmalarıdır. Bu sahədə kifayət qədər ciddi qanun pozuntuları baş verir. Hesablama Palatası tərəfindən dövlət orqanlarında aparılmış yoxlamalarla bağlı hesabatda qeyd olunur ki, əsas maliyyə pozuntularının qeydə alındığı sahələrdən biri də dövlət satınalmalarıdır. Palatanın hesabatlarında açıq şəkildə qeyd edilib ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir. Lakin bir çox dövlət qurumları və onların rəhbərləri dövlət əmlakından səmərəli istifadə etmək əvəzinə, dövlətin onlara etibar etdiyi əmlakı talamaqla məşğuldurlar. Bununla bağlı son dövrlər elektron media resurslarında yayılmış kifayət qədər ciddi məlumatlar tapmaq olar. Satınalmalarının şəffaf keçirilməməsi ilə bağlı belə bir məlumatı da biz əlavə etmək istərdik.

Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə təhlükəli tullantıların pasportunun satınalınması”  üzrə keçirmiş olduğu kotirovka sorğusuna yekun vurub və 02.05.2023-cü il tarixdə “GÜVƏN CN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 50.002,54  manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib. Sözügedən portalda Baş Səhiyyə Mərkəzi kotirovka sorğusunun 26.04.2023-cü il tarixdə başladığını göstərib və qeyd edib ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Buradan suallar yaranır. Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi satınalmanı dövlət satınalmalarının vahid internet portalında keçirməmişsə elan hansı mətbu nəşrdə dərc olunmuşdur? Dövlət satınalmalarının vahid internet portalında kotirovka sorğusu prosedurunun 26.04.2023-cü il tarixdə başladığı göstərilir. Müqavilə isə 02.05.2023-cü il tarixdə bağlanılıb. Bu isə 7 gün edir ki, onun iki günü şənbə və bazar günlərinə düşür. Qalır 5 gün. Mövcud qanuna görə mümkündür. Amma deyəsən Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin rəhbərliyi 5 gün ərzində birbaşa müqavilə bağlamağa çox tələsib. Çünki müsabiqə başlamazdan iki ay əvvəl dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlayıb.

Apardığımız araşdırma zamanı məlum oldu ki,  Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin Tender Komissiyası bu satınalma prosedurunda çox ciddi qanun pozuntularına yol verib. Belə ki, dövlət satınalmalarının vahid internet portalında kotirovka sorğusu müsabiqəsinin başlanma tarixini 26.04.2023-cü il göstərən Tender Komissiyası 03.02.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış “GÜVƏN CN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 50.002,54  manat məbləğində birbaşa satınalma müqaviləsinin bağlanıldığını elan edib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GÜVƏN CN” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.02.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ  XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, GENERAL ŞIXLİNSKİ, ev 59, m. 4, qanuni təmsilçisi kimi isəAğayev Gülbala Etibar oğlu qeyd olunub.

Məlumat üçün xatırlatmaq istərdik ki, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin direktoru Elçin Əmirovdur. O, sözügedən vəzifənin başına keçməzdən əvvəl Şəki rayon Mərkəzi Xəstəxanasının Baş həkimi olub. Bir neçə dövlət qurumunun 2019-cu ildə Şəkidə apardığı kompleks yoxlamalardan sonra xəstəxanada ciddi maliyyə pozuntularına yol verildiyi aşkar olunub. Məlum olub ki, Şəki Mərkəzi Xəstəxanasında dəftəxana ləvazimatları və təsərrüfat malları adı altında hər il 100 min manatdan çox dövlət vəsaiti mənimsənilib. Bundan sonra Elçin Əmirov tutduğu vəzifədən kənarlaşdırılıb. Hətta barəsində cinayət işinin başlanıldığı da söylənilir. Buna baxmayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə 2021-ci ilin oktyabrında Elçin Əmirov Bakı Şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə direktor təyin olunub.

Görsənən odur ki, Elçin Əmirov Şəkidə yol verdiyi qanun pozuntularını Bakı Baş Səhiyyə Mərkəzində də davam etdirir. TƏBİB-in sədri Vüqar Qurbanov da, Səhiyyə naziri Teymur Musayev də , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev də ona bu işlərədə geniş şəraitlər yaradırlar.

Aktualinfo.org