Redaksiyamıza Xətai rayonundakı 316 saylı Körpələr evi Uşaq bağçası ilə bağlı bir sıra narazılıqlar daxil olub. Valideynlərin iddialarına görə, dövlət müəssisəsi statusu daşıyan bu bağçada uşaqlara verilən qidalar zəif və qeyri-kafi səviyyədədir. Şikayətçilər bildirirlər ki, gündəlik menyuda qida dəyərləri baxımından balans pozulur, uşaqlara bəzən soyumuş, bəzən də keyfiyyətsiz məhsullardan hazırlanan yeməklər təqdim olunur. Bu vəziyyət körpələrin sağlamlığı ilə bağlı ciddi suallar doğurur.
Valideynlərin narazılığı bununla bitmir. İddialara əsasən, bağçada tərbiyəçilər valideynlərdən mütəmadi şəkildə dəftərxana ləvazimatları — rəngli qələmlər, albomlar, kağız, salfetka və digər xırda avadanlıqlar gətirməyi tələb edirlər. Halbuki bu kimi təminatlar dövlət büdcəsindən ayrılan vəsait hesabına qarşılanmalıdır. Ən çox narazılıq doğuran məsələ isə hər uşaqdan “fond pulu” adı altında toplanan 20 manat məbləğində vəsaitdir. Valideynlər bu pulun hansı məqsədlə toplandığını bilmədiklərini, izahat tələb etdikdə isə “bağçanın ehtiyacları üçündür” kimi ümumi cavab aldıqlarını bildirirlər.
Redaksiyamız məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərməyi qərara alıb. Lakin hazırkı mərhələdə bu iddialar cəmiyyətin diqqətindən yayınmamalıdır. Çünki söhbət uşaqların təhlükəsizliyi, sağlamlığı və onların dövlət müəssisəsində bərabər qayğı görmək hüququndan gedir.
Araşdırmalarımız zamanı məlum olub ki, 316 nömrəli bağçanın müdiri Nabat Rəfiyeva sosial mediada və bəzi dəyərsiz, reytinqi olmayan saytlarda özünü və rəhbərlik etdiyi müəssisəni tərif edən yazılarla gündəmə gətirməyə çalışır. Bu yazılar əsasən “bağçada ideal şərait yaradılıb”, “uşaqlara sevgi ilə yanaşılır” kimi bəsit, reallıqdan uzaq ifadələrlə doludur. Halbuki, valideynlərin çoxsaylı şikayətləri və gündəlik narazılıqları göstərir ki, həmin “ideal” şərait yalnız kağız üzərində mövcuddur.
Cəmiyyətin gələcəyi olan körpələr üçün nəzərdə tutulan müəssisələrdə şəffaflıq, vicdan və məsuliyyət prinsipləri əsas olmalıdır. Əgər rəhbərlik öz fəaliyyətini reallığa deyil, ucuz təbliğata əsaslandırırsa, bu, təkcə bağça üçün deyil, bütövlükdə təhsil sisteminin nüfuzu üçün zərərli tendensiyadır.
Qaynarxett.az olaraq məsələni diqqətdə saxlayırıq. Təhsil İdarəsinin cavabı və valideynlərin yeni müraciətləri əsasında araşdırmanı davam etdirəcəyik.










