backend

Milli Məclisdə Türkiyənin Mersin Vəkillər Kollegiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Bu gün Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova, deputat Pərvin Kərimzadə və Mehriban Vəliyeva digər komitə üzvlərinin iştirakı ilə Milli Məclisdə Türkiyə Respublikasının Mersin Vəkillər Kollegiyasının üzvü, Ailə Hüququ Komissiyasının sədri Sahra Düzgün Tücelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qaynarxett.az xəbər verir ki, görüş zamanı qarşıdan gələn Beynəlxalq Ailə Hüququ Konqresi, eləcə də Ankarada və gələcəkdə Türkiyənin müxtəlif şəhərlərində təşkil olunacaq tədbirlər barədə fikir mübadiləsi aparılıb. Komitə üzvləri sözügedən beynəlxalq tədbirlərdə iştiraka dəvət olunublar.

Eyni zamanda, Azərbaycan və Türkiyə arasında ailə hüququ sahəsində mövcud qanunvericilik, bu istiqamətdə aparılan islahatlar, qarşılıqlı təcrübə mübadiləsi və ailə institutunun qorunması sahəsində gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.

Görüşdə hüquqi əməkdaşlığın dərinləşdirilməsinin hər iki qardaş ölkə üçün mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.