backend

Müharibə ilə heç bir əlaqəsi olmayan suveren dövlətin mülki infrastrukturuna zərbə heç bir halda qəbul edilə bilməz

Azərbaycan İranla münasibətlərdə hər zaman qonşuluq prinsiplərnə sadiq olub.  Baxmayaraq ki, molla rejimi daim azərbaycanlılara qənim kəsilib, soydaşlarımızı bütün hüquqlardan məhrum edib, təzyiq altında saxlayıb, azərbaycanlı fəallar təqib olunub, cəzalandırılıb. İran 30 illik işğal dövründə Ermənistanın təcavüzkar siyasətinə dəstək verib, Azərbaycanın Tehrandakı səfirliyinə terror aktı həyata keçirilib. Amma Azərbaycan regionun rifahı naminə normal qonşuluq, əməkdaşlıq təklifini gündəmdə saxlayıb. 
Üstəlik, rəsmi Bakı heç vaxt Azərbaycan ərazisindən İrana qarşı istfadə olunmasına imkan verməyib. Bu gün də eyni siyasət davam edir. Bu reallıqlar fonunda İranla Amerika-İsrail koalisiyası arasındakı müharibə ilə heç bir əlaqəsi olmayan suveren bir dövlətin mülki infrastrukturuna zərbə heç bir halda qəbuledilə bilməz. Mülki infrastruktura dron hücumu təşkil etmək acizlik və qorxaqlıq əlamətidir. İran Naxçıvan Muxtar Respublikasına dron hücumu etməklə öz mərliniyyətini bir daha və bu məsələnin Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanın Təhlükəsizlik Şurasının iclasında müzakirə olunması rəsmi Bakının dövlət təhlükəsizliyi məsələlərinə nə qədər həssas yanaşdığını təsdiqlədi. Naxçıvan Azərbaycanın strateji baxımdan ən həssas bölgələrindən biridir. Coğrafi baxımdan blokada şəraitində yerləşən bu bölgə eyni zamanda regionun mühüm geosiyasi hissəsi sayılır. Belə bir əraziyə qarşı pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum, təkcə lokal insident deyil, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş terror aktıdır. Prezident İlham Əliyev də bəyan etdi ki, “Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Prezident İlham Əliyev tərəfindən səsləndirilən sərt mesajlar konkret hadisəyə münasibət olmaqla yanaşı, həm də İran başda olmaqla ölkəmizə qarşı təxribatçı mövqedə olan bütün qüvvələrə xəbərdarlıq idi.
Rəsmi Bakı bu hadisəyə dərhal siyasi və diplomatik reaksiya verdi. Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan öz sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bütün zəruri addımları atmağa qadirdir. Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Silahlı Qüvvələrinin bir nömrəli səfərbərlik halına gətirilməsi bunu sübut edir. Bu mövqe həm ölkə daxilində təhlükəsizlik sisteminin gücləndirilməsini göstərir, həm də region ölkələrinə açıq mesajdır.
Azərbaycan İran tərəfindən məsələnin ciddi şəkildə araşdırılmasını və izahat verilməsini tələb edir. Rəsmi Bakı öz təhlükəsizliyini təmin etmək üçün bir daha iradəsini ortaya qoydu. Burada əsas məqsəd potensial təhlükələrin qarşısını almaqdır. Azərbaycanın xarici siyasətində əsas prinsiplərdən biri regional sabitliyin qorunmasıdır. Lakin eyni zamanda rəsmi Bakı açıq şəkildə göstərir ki, dövlət sərhədlərinə yönələn hər hansı təhdid cavabsız qalmayacaq.
Könül Nurullayeva,
Milli Məclisin deputatı