Qaynarxett.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək əvvəlcə xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi və ən xoş arzularını bildirdi. Qeyd etdi ki, Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Azərbaycan qadınları dünyanın bir çox ölkələrində, o cümlədən özünü “demokratiyanın beşiyi” kimi təqdim etməyə çalışan bəzi Avropa ölkələrində olduğundan daha əvvəl seçib-seçilmək hüququ əldə etmişlər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı. Qadınların hərtərəfli fəaliyyətinə geniş meydan verən Ulu Öndər sözün əsil mənasında lider qadınlar yetişdirmişdir. Ümummilli Liderin diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması işinə dəyərli töhfələr vermişdir.
Bu gün Azərbaycanda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qadın siyasəti xanımlarımızın qarşısında hüdudsuz imkanlar açır. Hazırda Azərbaycan qadınının aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyimizdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər hər bir Azərbaycan qadını üçün əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır.
Daha sonra Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, partiya veteranı İranə Həsənova, Mingəçevir Bələdiyyəsinin sədr müavini Ədalət Quliyeva, Üzeyir Hacıbəyov adına 11 illik Musiqi məktəbinin direktor müavini Lalə Əliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin qadınlara göstərdiyi diqqət və qayğıdan söz açdılar. Bildirildi ki, bu gün də dövlət qadın siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxış edənlər Prezident İlham Əliyevin ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğısından razı olduqlarını bildirərək bayram münasibətilə bütün xanımları təbrik edib hər birinə sağlam ömür arzuladılar.
YAP şəhər təşkilatının işində fəal iştirak etdiklərinə görə partiya fəalları – Əliyeva Lalə Süleyman qızı (Üzeyir Hacıbəyov adına 11 illik Musiqi məktəbi, direktor müavini), Behbudova Sevinc Aydın qızı (12 saylı tam orta məktəb, direktor müavini), Məmmədova İlhamə Raquf qızı (Mingəçevir Dövlət Universiteti, tələbələrlə iş şöbəsinin müdiri), Həsənova İradə Müseyib qızı (Mingəçevir Şəhər Uşaq-Gənclər Şahmat İdman Məktəbi, məşqçi müəllim), Quluyeva Dilbər Heydər qızı (Mingəçevir Su Elektrik Stansiyasının işçisi) Fəxri Fərmanla, Məmmədova Səhər Həşim qızı (müəllimə), Vəliyeva Müşviqə Alay qızı (Mingəçevir Turizm Kolleci, kitabxanaçı), Əhmədova Esmira Nizami qızı (Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, böyük tibb bacısı), Kərimova Tərifə Salman qızı və YAP Mingəçevir şəhər təşkilatının işçisi hədiyyə ilə təltif olundular.
Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan Hüseynova Gülnar Nofəl qızı (Uşaq-Gənclər İdman Şahmat məktəbi), Cəfərova Gülsüm Səyyad qızı (Texniki Humanitar liseyi, müəllim), Cavadova Rəvanə Vəli qızı (10 saylı uşaq bağçası, tərbiyəçi), Süleymanova Nərgiz Toluş qızı (Mingəçevir Bələdiyyəsi, kompüter üzrə iş icraçısı) isə partiya biletləri ilə təltif olundular.
Sonda xatirə şəkli çəkdirildi.






