Qaynarxett.az xəbər verir ki, YAP-ın rayon təşkilatının qərargahında keçirilən tədbirin əsas məqsədi şəhərsalma siyasətinin, milli memarlıq kimliyinin və davamlı inkişaf konsepsiyasının təşviqi, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış memarlıq məktəbi və bu sahədə görülmüş irimiqyaslı işlər barədə ictimai maarifləndirmənin gücləndirilməsi olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, YAP-ın rayon təşkilatının sədri Zaur Muradov, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbir çərçivəsində memarlıq və şəhərsalma sahəsində həyata keçirilən layihələr, qarşıda duran vəzifələr və perspektiv inkişaf istiqamətləri ətrafında interaktiv müzakirələr aparılıb, iştirakçılar arasında fikir mübadiləsi baş tutub.




