backend

Avropa niyə ard-arda Azərbaycan üz tutur? - Deputatdan Açıqlama

Son dövrlərdə Avropa ölkələrinin dövlət və hökumət başçılarının Azərbaycana ardıcıl səfərləri ölkəmizin beynəlxalq arenada mövqeyinin gücləndiyini göstərən mühüm siyasi siqnallar kimi dəyərləndirilir. Baku artıq təkcə regional deyil, qlobal əməkdaşlıq və strateji qərarların müzakirə olunduğu əsas mərkəzlərdən birinə çevrilir. Bu səfərlər fonunda Azərbaycanın enerji təhlükəsizliyi, regional sabitlik və sülh gündəliyində artan rolu daha aydın görünür.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyev Qaynarxett.az-in suallarını cavablandırıb.

Son dövrlərdə Avropa liderlərinin Azərbaycana ardıcıl səfərləri ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisi kimi qiymətləndirilə bilərmi?

Bu, birmənalı belədir. Son ay yarım ərzində Azərbaycana müxtəlif səviyyələrdə baş tutan səfərlərin dinamikasının artım tempindən bunu görmək mümkündür.Latviya prezidenti, onun ardınca Ukrayna lideri, eyni zamanda Çex Respublikasının Baş nazirinin Azərbaycana baş tutan səfərləri, yaxın vaxtlarda isə İtaliya Baş naziri Corcia Meloninin ölkəmizə nəzərdə tutulan səfərinə təkcə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından yanaşmaq, bu cür xarakterizə etmək doğru olmazdır. Düzdür, hər bir səfər ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı, bu əlaqələrin daha yüksək səviyyəyə çatdırılması baxımından əhəmiyyətlidir. Yeni-yeni əməkdaşlıq imkanlarının açılması deməkdir. Ancaq eyni zamanda bu səfərlər həm də Azərbaycanın regionda aparıcı mövqeyə, mühüm çəkiyə malik olduğunun təsdiqi, bu səbəbdən ölkəmizə olan marağının artmasının göstəricisidir. Xatırlatmaq istərdim ki, keçən ay Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın da Azərbaycana səfəri baş tutmuşdu və Bakıda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə görüş zamanı çox səmərəli müzakirələr aparıldı. Təbii ki, bütün bu səfərlər həqiqətən də Azərbaycanın beynəlxalq nüfuzunun artmasının mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Beynəlxalq və regional miqyasda baş verən proseslərdə bu gün Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətinin ciddi şəkildə artdığını görürük. Bakı təkcə uğurlu siyasi kursu, diplomatik gedişləri ilə regional sabitliyə, eyni zamanda qlobal sülhə töhfə verməklə diqqət çəkmir, həmçinin özünün zəngin enerji qaynaqları ilə də beynəlxalq marağa səbəb olur. Yerləşdiyimiz coğrafiyada ölkəmiz enerji resursları və nəqliyyat dəhlizləri baxımından cəlbedici dövlətdir. Ən əsası enerji sahəsində əməkdaşlıqda Avropa üçün strateji tərəfdaşdır, etibarlı müttəfiqdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində zəmanətçi ölkə olduğunu indi təkcə qoca qitədə deyil, bütün dünyada qəbul edirlər. Ona görə də bütün bunları ümumiləşdirsək, Azərbaycana ayrı-ayrı ölkələrin dövlət və hökumət başçılarının səfərlərinin Bakının beynəlxalq aləmdə nüfuzunun artması kimi dəyərləndirə bilərik.

Prezident İlham Əliyev ilə keçirilən görüşlərdə əsas prioritet istiqamətlər hansılar olub?

Azərbaycana səfər edən dövlət və hökumət başçılarının ölkə rəhbəri Cənab İlham Əliyevlə görüşlərinin əsas müzakirə mövzusu heç şübhəsiz ki, enerji sahəsində əməkdaşlıq olur. Azərbaycan bu gün Avropanın əsas enerji təminatçısı, qaz tədarükçüsüdür. Məlum Rusiya-Ukrayna müharibəsindən sonra şimal qonşumuza tətbiq edilən sanksiyalardan dolayı Avropanın Rusiyanın enerji resurslarından istifadə edə bilməməsi qoca qitəni alternativ mənbələr axtarışına məcbur etdi. Belə bir alternativ mənbə isə heç şübhəsiz Azərbaycandır. Rusiya-Ukrayna müharibəsindən əvvəl də Avropada Azərbaycan qazına tələbat var idi. Hazırda isə bu tələbat daha da artıb. Bu səbəbdən ölkəmizə baş tutan səfərlər zamanı Azərbaycan Lideri ilə aparılan danışıqlarda başlıca prioritet enerji məsələsi olur. Təbii ki, təhlükəsizlik və müdafiə məsələləri də belə görüşlərin ana xəttini təşkil edir. Çünki təhlükəsizlik, sabitlik olmadan digər sahələrdə əməkdaşlıq qeyri-mümkündür. Bu gün Azərbaycanın sabit, təhıükəsiz ölkə olmasından dolayı Bakı Avropa İttifaqının üzvlərinin 50 faizə yaxınını qazla təmin edir. Ümumilikdə isə, Avropanın 16 ölkəsi Azərbaycan qazı alır. Ona görə də Azərbaycanla yanaşı, bizə dost, tərəfdaş olan ölkələr də Cənubi Qafqazda sülhün davamlı olmasından yanadır. Bu baxımdan Azərbaycan lideri ilə keçirilən görüşlər zamanı dost ölkələrin rəhbərləri bu məsələyə də xüsusi diqqət yetirirlər.

Bu görüşlər Azərbaycanın sülh gündəliyinə və regional sabitliyə hansı töhfələri verə bilər?

Qeyd etdiyim kimi belə səfərlər zamanı müzakirə edilən məsələlərin ana xəttində həm də regional sabitlik məsələsi dayanır. Avropa Cənubi Qafqazda sülhün tərəfdarı olduğunu bildirir. Xüsusilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini təqdir edir. Təsadüfi deyil ki, ötən ay yarım ərzində ölkəmizə baş tutan səfərlər zamanı dövlət və hökumət başçılarının səsləndirdiyi fikirlərdə bu məqama xüsusi diqqət çəkilirdi. Azərbaycan da öz növbəsində sülhə sadiqdir, regionda qalıcı sülhün əldə edilməsinə çalışır, bunun üçün güclü siyasi iradə nümayiş etdirir. Belə səfərlərin həm də müsbət tərəfi ondan ibarətdir ki, bu cür təmaslar zamanı Azərbaycan tərəfindin sülh gündəliyi bir daha Avropaya, beynəlxalq aləmə çatdırılır.
Bir sözlə ölkəmizə baş tutan yüksək səviyyəli səfərlər zamanı verilən bəyanatlar və imzalanan sənədlər Azərbaycanın təqdim etdiyi sülh gündəliyinin beynəlxalq müzakirəyə çıxarılması, eyni zamanda legitimlik qazanmasına da müsbət mənada təsir göstərir.

Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində hansı konkret layihələrin reallaşması gözlənilir?

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın əsas ana xəttini enerji sektoru təşkil etsə də, ancaq eyni zamanda siyasi sahədə də Aİ ilə əlaqələrimiz mövcuddur. Müntəzəm olaraq Aİ-nin müxtəlif siyasi təsisatları ilə keçirilən görüşlər, aparılan müzakirələr bunun təsdiqidir. Düzdür, müəyyən zaman kəsimində Aİ-nin müxtəlif təsisatları tərəfindən Azərbaycana qarşı qərəzli mövqe müşahidə edirik. Ancaq bütün halda Azərbaycan bütün bu ədalətsizlikləri dəf edərək mövcud reallıqlar fonunda Aİ ilə əməkdaşlığı inkişaf etdirməyə çalışır, bu istiqamətdə qətiyyətli addımlar atır.
Aİ ilə yaxın perspektivdə konkret layihələrə gəlincə, hesab edirəm ki, TRİPP layihəsi çərçivəsində birgə əməkdaşlıq imkanları mümkündür. Keçən ay Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıda səfərdə olarkən Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdə Orta Dəhlizin tərkib hissəsi kimi TRIPP layihəsinin davamı olan Naxçıvan dəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakına toxunuldu. Düşünürəm ki, bu məsələdə əməkdaşlıq imkanları genişdir və mükündür. Eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında güzəştli tarif prinsipləri əsasında ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində əməkdaşlıq imkanları var.
Təbii ki, Aİ ilə əməkdaşlığın əsas ana xəttini enerji sektoru təşkil edir. Xüsusilə, Azərbaycan qazının Avropaya tədarükündə səmərəli əməkdaşlıq mövcuddur. Yaxın vaxtlarda Azərbaycan Avropaya qaz nəqlinin artırılmasını nəzərdə tutur ki, bu istiqamət də ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, yeni layihələrin mümkünlüyü baxımından diqqət çəkən məqamlardandır.