“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) “Hər töhfə böyük dəyərə çevrilir” devizi ilə xeyriyyə yarmarkası təşkil olunub.
Korporativ Sosial Məsuliyyət çərçivəsində keçirilən yarmarkanın əsas məqsədi xeyriyyəçilik ənənələrinin təşviqi ilə yanaşı, kollektiv daxilində birlik və sosial məsuliyyət dəyərlərinin daha da gücləndirilməsi olub.Tədbirin açılışında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov xeyriyyə təşəbbüslərinin korporativ mühitdə həmrəyliyin möhkəmlənməsinə və sosial məsuliyyət dəyərlərinin təşviqinə mühüm töhfə verdiyini qeyd edib. O bundan sonra cəmiyyətə faydalı olan belə layihələrin həyata keçirilməsinin vacib olduğunu bildirib.
Yarmarka çərçivəsində əməkdaşların hazırladığı rəsm əsərləri, gəmi maketləri, bəzək əşyaları və suvenirlər satışa çıxarılıb. Eyni zamanda, tədbirdə müxtəlif qida məhsulları da təqdim olunub. Əməkdaşların fərdi yaradıcılığını və təşəbbüskarlığını əks etdirən məhsullar simvolik qiymətlərlə alıcılara təklif edilib.
Tədbirin diqqətçəkən məqamlarından biri də hərracın təşkili olub. Hərrac zamanı bir neçə qiymətli əşya və məhsullar açıq satışa çıxarılıb. ASCO-nun Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəis müavini, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun hazırladığı rəsm əsəri ən yüksək qiymətə satılan işlərdən biri olub. O, çıxışında bu cür xeyriyyə aksiyalarının həm mənəvi, həm də ictimai baxımdan böyük əhəmiyyət daşıdığını qeyd edib.
Qeyd edək ki, yarmarkadan əldə edilən gəlir ehtiyacı olan uşaqlara bağışlanacaq.







