backend

Şəhid anasının bu şəkildə ictimai müzakirə obyektinə çevrilməsi doğru deyil

“Son günlər nur üzlü Şəhidimiz Xudayarın anası ilə bağlı müxtəlif media səhifələrində və sosial şəbəkələrdə fərqli, bəzən də sərt ifadələrin işlədildiyi paylaşımlara rast gəlirəm. Düşünürəm ki, nə baş verməsindən, kimin haqlı olub-olmamasından asılı olmayaraq, bir Şəhid anasının bu şəkildə ictimai müzakirə obyektinə çevrilməsi doğru deyil”.

Qaynarxett.az xəbər verir ki, bunları Ekoloji Renesans İctimai Birliyinin sədri Leyla Məmmədova deyib. Onun sözlərinə görə, insan yaşadığı ağrıya, itkiyə, stressə və sarsıntıya fərqli reaksiya verə bilər:
“Kimsə sakit qalır, kimsə emosional və aqressiv reaksiya verir. Bəzən insanın özündən asılı olmayan davranışlarının arxasında bizim bilmədiyimiz çox ciddi səbəblər ola bilər.
Xüsusilə övlad itkisi elə bir ağrıdır ki, onu kənardan heç kim tam olaraq anlaya bilməz. Bu ağrını yaşayan anaların, onların ailələrinin və ən yaxınlarının nə yaşadığını yalnız özləri bilə bilər. Biz isə kənardan baxaraq “niyə belə edir?”, “niyə belə reaksiya verir?” suallarına dəqiq cavab verə bilmərik”.
Leyla Məmmədova qeyd edib ki, bu, əlbəttə, hər bir davranışın avtomatik olaraq doğru və qəbulolunan olduğu anlamına gəlmir:
“Sadəcə, belə ağır bir itkinin arxasında nələrin dayandığını bilmədən bir Şəhid anasını ictimai şəkildə mühakimə etmək və müzakirə obyektinə çevirmək mənə doğru görünmür.
Xudayarın və bütün Şəhidlərimizin qarşısında baş əyirik. Onların bizə əmanət etdiyi ailələrə qarşı daha həssas və anlayışlı olmalıyıq. Allah Xudayara və bütün Şəhidlərimizə rəhmət eləsin. Onların yaxınlarının qarşısında baş əyirik!”.