backend

Razı Nurullayev: Sahibkar cinayətkar kimi deyil, iqtisadiyyatın dayağı kimi görülməlidir

Milli Məclisin deputatı Razı Nurullayev parlamentin plenar iclasında çıxışı zamanı Cinayət Məcəlləsinin 208-ci maddəsinin – “Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama” maddəsinin ləğvini sahibkarlığın inkişafı baxımından mühüm addım kimi qiymətləndirib.

Deputat bildirib ki, müasir biznes beynəlxalq əməkdaşlıq üzərində qurulduğundan sahibkarlar xaricdə tərəfdaşlarla işləyir, logistika və digər əməliyyatlar həyata keçirir, bu isə bəzi hallarda maliyyə vəsaitlərinin xaricdə saxlanılmasını zəruri edir. Onun sözlərinə görə, belə halların dərhal cinayət məsuliyyəti müstəvisinə keçirilməsi sahibkarların fəaliyyətinə mənfi təsir göstərirdi.
Razı Nurullayev qeyd edib ki, son illər ölkədə sahibkarlığın inkişafı istiqamətində vergi inzibatçılığının sadələşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, qeyri-neft ixracının təşviqi, kiçik və orta biznesə dəstək mexanizmlərinin gücləndirilməsi, eləcə də kənd təsərrüfatının inkişafına yönəlmiş proqramlar mühüm nəticələr verib. Bununla yanaşı, bank kreditlərinə çıxışın çətinliyi, yüksək faiz dərəcələri, ağır girov şərtləri, uzun sürən icazə prosedurları və regionlarda fəaliyyət göstərən sahibkarların üzləşdiyi problemlərin hələ də qalmaqda olduğunu vurğulayıb.
Deputat hesab edir ki, sahibkarlığın inkişafı üçün yalnız cəza mexanizmlərinin yumşaldılması kifayət deyil. Onun fikrincə, biznesin yaradılması və genişləndirilməsi zamanı sənədləşmə prosesi tam rəqəmsallaşdırılmalı, bürokratik maneələr aradan qaldırılmalı, prosedurların icra müddətləri qanunla dəqiq müəyyən edilməlidir.
Razı Nurullayev çıxışında beynəlxalq təcrübəyə də toxunaraq bildirib ki, bir çox Avropa ölkələrində əsas diqqət sahibkarın vəsaiti harada saxlamasına deyil, maliyyə əməliyyatlarının şəffaflığına, vergidən yayınmanın və çirkli pulların yuyulmasının qarşısının alınmasına yönəldilir. Onun sözlərinə görə, Gürcüstan və Qazaxıstan da riskəsaslı nəzarət modelinə üstünlük verir.
Deputat vurğulayıb ki, Cinayət Məcəlləsinin 208-ci maddəsinin ləğvi sahibkarlıq azadlığının genişləndirilməsi istiqamətində müsbət addımdır. O bildirib ki, real nəticə dövlət qurumlarının biznesə tərəfdaş kimi yanaşdığı, sahibkarın isə cinayətkar deyil, ölkə iqtisadiyyatının əsas dayaqlarından biri kimi qəbul edildiyi halda əldə olunacaq.