backend

Anar İsgəndərov: Almaniya səfəri Azərbaycan–Avropa əməkdaşlığında yeni strateji mərhələnin əsasını qoyur

Milli Məclisin deputatı Anar İsgəndərov Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfərini Azərbaycan xarici siyasətinin mühüm uğurlarından biri kimi dəyərləndirib.

Deputat bildirib ki, bu səfər iki ölkə arasında münasibətlərin yeni strateji mərhələyə qədəm qoyduğunu, siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da dərinləşdiyini nümayiş etdirir.

Anar İsgəndərov qeyd edib ki, Azərbaycan ilə Almaniya arasında münasibətlərin tarixi XIX əsrə gedib çıxır. Həmin dövrdə Almaniyadan Azərbaycana köçürülən ailələr, eləcə də “Simens qardaşları” şirkətinin Gədəbəydə sənaye fəaliyyətinə başlaması iki xalq arasında iqtisadi və mədəni əlaqələrin əsasını qoyub. Müstəqilliyin bərpasından sonra isə bu münasibətlər yeni məzmun qazanaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Almaniyada keçirdiyi yüksək səviyyəli görüşlər və imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” iki ölkə arasında əməkdaşlığın gələcək inkişafı üçün mühüm hüquqi və siyasi baza formalaşdırır.
Anar İsgəndərov bildirib ki, Prezident İlham Əliyevin “Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq” fikri Azərbaycan–Almaniya münasibətlərinin yeni mərhələsinin mahiyyətini aydın şəkildə ifadə edir. Onun sözlərinə görə, bu gün Azərbaycanda 200-dən çox Almaniya şirkətinin uğurla fəaliyyət göstərməsi ölkəmizin əlverişli investisiya mühitinin göstəricisidir və səfərdən sonra bu sayın daha da artacağı gözlənilir.
Deputat enerji əməkdaşlığının da xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, Azərbaycanın bu ildən etibarən təbii qazını Almaniyaya ixrac etməyə başlaması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir. Bununla yanaşı, Azərbaycan neft və gələcəkdə yaşıl enerji sahəsində də Avropa ilə əməkdaşlığını genişləndirmək niyyətindədir.
Anar İsgəndərov Prezident İlham Əliyevin çıxışında Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması məsələsinə də toxunduğunu xatırladaraq vurğulayıb ki, dövlət başçısı Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini bir daha nümayiş etdirib. Prezidentin qeyd etdiyi kimi, uzun illər işğal altında qalan torpaqlar Azərbaycan tərəfindən azad olunub, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, bundan sonra isə regionda davamlı sülhün təmin olunması istiqamətində mühüm addımlar atılıb. Bu prosesdə Almaniyanın Cənubi Qafqazda sülhə verdiyi dəstək də yüksək qiymətləndirilib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan siyasəti ilə Avropanın aparıcı dövlətləri ilə əlaqələrini uğurla inkişaf etdirir. İmzalanan strateji sənədlər isə Azərbaycan–Almaniya münasibətlərinin uzunmüddətli inkişafına və regionda sabitlik, iqtisadi tərəqqi və enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.