backend

Göydəniz Qəhrəmanov: Azərbaycan–Almaniya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur

Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov Prezident İlham Əliyevin iyulun 21-də Almaniyanın paytaxtı Berlində mətbuata verdiyi bəyanatı şərh edərək bildirib ki, səfər Azərbaycan–Almaniya münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub.
Deputatın sözlərinə görə, dövlət başçısının vurğuladığı kimi, iki ölkə arasında strateji dialoqun başlanması və ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin imzalanması gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən mühüm siyasi hadisədir. Onun fikrincə, bu addımlar təkcə ikitərəfli əlaqələrin genişlənməsinə deyil, həm də Cənubi Qafqazda sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Göydəniz Qəhrəmanov qeyd edib ki, Almaniyanın Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi regionda artan rolu Azərbaycan–Almaniya əlaqələrinin strateji əhəmiyyətini daha da artırır. O bildirib ki, siyasi, iqtisadi, enerji, nəqliyyat və investisiya sahələrini əhatə edən geniş əməkdaşlıq gündəliyi münasibətlərin uzunmüddətli perspektivə hesablandığını göstərir. İmzalanan sənədlərin icrasını təmin etmək məqsədilə işçi qruplarının yaradılması barədə əldə olunan razılıq isə qəbul edilən qərarların praktik nəticələrə yönəldiyini təsdiqləyir.
Deputat iqtisadi əməkdaşlığın inkişafının səfərin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq bildirib ki, hazırda 200-dən çox Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi ölkəmizdə əlverişli investisiya mühitinin formalaşdığını göstərir. Onun sözlərinə görə, bu şirkətlərin fəaliyyətinin genişləndirilməsi və qarşılıqlı sərmayələrin artırılması istiqamətində konkret təkliflər irəli sürülüb.
Göydəniz Qəhrəmanov hesab edir ki, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması biznes dairələri arasında əlaqələrin institusional əsasda inkişafına yeni imkanlar açacaq və iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək.
Deputat Prezident İlham Əliyevin bəyanatında enerji əməkdaşlığının xüsusi yer tutduğunu da diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın bu ildən Almaniyaya təbii qaz ixracına başlaması və artıq Avropa İttifaqının 10 ölkəsinin Azərbaycan qazı ilə təmin olunması ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Eyni zamanda, gələcəkdə yaşıl enerjinin Avropa bazarına çıxarılması planları əməkdaşlığın strateji məzmununu daha da genişləndirir.
Göydəniz Qəhrəmanov bildirib ki, dövlət başçısının nəqliyyat və tranzit sahəsində səsləndirdiyi fikirlər də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Orta Asiya ilə Avropa arasında etibarlı körpü rolunun gücləndiyini qeyd edən deputat, müasir nəqliyyat infrastrukturunun inkişafı və Almaniya şirkətlərinin təcrübəsindən istifadə imkanlarının yeni layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıb.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin bəyanatının mühüm hissələrindən biri də Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması və sülh prosesinə həsr olunub. Dövlət başçısının Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin uzun illər davam edən münaqişəyə son qoyduğunu vurğulaması, Azərbaycanın sülh sazişindən sonra dərhal praktiki addımlar atması, Ermənistana yanacaq təchizatı və Azərbaycan ərazisi vasitəsilə tranzit daşımalarının genişləndirilməsi sülh gündəliyinin real nəticələr verdiyini göstərir.
Göydəniz Qəhrəmanov əlavə edib ki, Prezident İlham Əliyevin Almaniya hökumətinin bu prosesə verdiyi töhfəni yüksək qiymətləndirməsi və Berlinin gələcəkdə də konstruktiv rol oynayacağına əminliyini ifadə etməsi iki ölkə arasında siyasi etimadın daha da möhkəmləndiyini göstərir.
Deputat vurğulayıb ki, Berlində keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycan–Almaniya münasibətlərinin yeni strateji gündəlik əsasında inkişaf edəcəyini təsdiqləyir. Onun fikrincə, bu gündəlik qarşılıqlı siyasi etimadı, iqtisadi tərəfdaşlığı, enerji təhlükəsizliyini, nəqliyyat əlaqələrini və regional sülhü vahid əməkdaşlıq platformasında birləşdirərək hər iki ölkənin uzunmüddətli maraqlarına xidmət edən möhkəm təməl formalaşdırır.