Milli Məclisin deputatı Müşfiq Məmmədli Milli Məclisin plenar iclasında “İnformasiya təhlükəsizliyi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edib.
Deputat bildirib ki, müzakirəyə çıxarılan qanun layihəsi rəqəmsal transformasiyanın sürətləndiyi və kibertəhdidlərin getdikcə mürəkkəbləşdiyi müasir dövrdə Azərbaycanın informasiya təhlükəsizliyi sisteminin hüquqi əsaslarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, informasiya təhlükəsizliyi artıq təkcə texniki məsələ deyil, milli təhlükəsizliyin, iqtisadi sabitliyin, dövlət idarəçiliyinin və vətəndaşların hüquqlarının qorunmasının əsas elementlərindən biridir.
Müşfiq Məmmədli qeyd edib ki, qanun layihəsində ilk dəfə olaraq informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, kritik informasiya infrastrukturu, Milli CERT, SOC, rəqəmsal tədqiqat və rəqəmsal dəlil kimi anlayışlar vahid hüquqi çərçivədə müəyyənləşdirilir və onların fəaliyyət mexanizmləri tənzimlənir.
Deputat xüsusilə ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin olunması ilə bağlı hüquqi mexanizmlərin yaradılmasını yüksək qiymətləndirərək bildirib ki, bu, enerji, nəqliyyat, rabitə, maliyyə, səhiyyə və digər strateji sahələrin dayanıqlığının artırılması baxımından mühüm addımdır.
Səhiyyə komitəsinin üzvü və həkim kimi çıxış edən Müşfiq Məmmədli vurğulayıb ki, elektron xəstəlik tarixçələri, laborator məlumatlar, tibbi sığorta sistemləri və telemedisina xidmətlərinin geniş tətbiqi fonunda səhiyyə sektoru kibertəhlükəsizlik baxımından ən həssas sahələrdən birinə çevrilib. O qeyd edib ki, tibb müəssisələrinə yönələn kiberhücumlar təkcə məlumat itkisi deyil, insanların həyat və sağlamlığı üçün də ciddi risk yarada bilər.
Deputat çıxışında rəqəmsal inkişaf layihələrinin əlaqələndirilməsi və maliyyələşdirilməsinə dair vahid yanaşmanın tətbiqini, eləcə də innovativ texnologiyaların təhlükəsiz sınaqdan keçirilməsi üçün “regulatory sandbox” mexanizminin nəzərdə tutulmasını da müsbət dəyərləndirib. Onun fikrincə, bu yanaşmalar dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə, innovasiyaların sürətlə tətbiqinə və vahid rəqəmsal inkişaf siyasətinin formalaşmasına töhfə verəcək.
Müşfiq Məmmədli həmçinin Milli CERT-in səlahiyyətlərinin dəqiq müəyyənləşdirilməsinin, vahid informasiya mübadiləsi platformasının yaradılmasının və kiberinsidentlərə operativ reaksiya mexanizmlərinin formalaşdırılmasının Azərbaycanın kibermüdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcəyini bildirib.
Deputat çıxışının sonunda qeyd edib ki, qanun layihəsi Azərbaycanın rəqəmsal inkişaf strategiyasına və milli kibertəhlükəsizlik siyasətinə tam uyğundur. O, layihənin ümumi konsepsiyasını dəstəklədiyini, ikinci oxunuşa qədər hüquqi-texniki xarakterli bəzi müddəaların təkmilləşdirilə biləcəyini vurğulayıb.
Müşfiq Məmmədli əminliyini ifadə edib ki, Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasında müəyyənləşdirilən prioritetlər Azərbaycanın rəqəmsal inkişafını yeni mərhələyə yüksəldəcək, ölkəni regionun süni intellekt və kibertəhlükəsizlik mərkəzlərindən birinə çevirəcək və iqtisadiyyatın rəqabət qabiliyyətini daha da artıracaq.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət





