Azərbaycanın meşələri təkcə təbii sərvət deyil, həm də gələcək nəsillərə əmanətdir. Meşələrin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və qanunvericilik bu sahədə ciddi tələblər müəyyən edir. Buna görə də meşələrin qanunsuz qırılması, təbiətə zərər vurulması və ya vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı səslənən hər bir iddia diqqətlə araşdırılmalıdır.
Məhz belə iddialardan biri də Qaynarxett.az informasiya portalına daxil olub.
Redaksiyaya daxil olan müraciətdə bildirilir ki, Cəlilabad rayonunun Buravar kəndində yaşayan bir qrup sakin Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılova ünvanladıqları şikayətdə 11 saylı Regional Meşə İdarəsinin Göytəpə meşəbəyliyinin 10A saylı dolayında ciddi qanun pozuntularının baş verdiyini iddia edirlər.
Müraciət müəlliflərinin sözlərinə görə, həmin əraziyə təxminən altı ay əvvəl meşə gözətçisi təyin olunmuş Anar Məmmədov əvvəllər də başqa dolayda çalışarkən oxşar qanun pozuntularına görə inzibati qaydada cəzalandırılıb. Şikayətçilər iddia edirlər ki, o, hazırda da eyni fəaliyyətini davam etdirir.
Məktubda ən ciddi ittiham isə meşələrdə qanunsuz ağac kəsintiləri ilə bağlıdır. İddia olunur ki, fıstıq, palıd, ağcaqayın və digər qiymətli ağac növləri qanunsuz şəkildə kəsilərək Masallı rayonu ərazisində fəaliyyət göstərdiyi bildirilən mebel sexlərinə satılır. Bundan başqa, sakinlər bildirirlər ki, kəsilmiş çoxsaylı ağaclar qanunvericiliyin tələblərinə uyğun şəkildə damğalanmayıb və rəsmi qeydiyyata alınmayıb.
Müraciət müəllifləri daha bir narahatedici məqama da toxunurlar. Onların iddiasına görə, indiyədək müxtəlif dövlət qurumlarına göndərdikləri şikayət məktubları aidiyyəti üzrə araşdırılmayıb və ya ünvanına çatmayıb. Bu səbəbdən də onlar məsələni ictimailəşdirmək qərarına gəlib, hətta araşdırmanın aparılmasını asanlaşdırmaq məqsədilə mübahisəli ərazilərin koordinatlarını da təqdim etdiklərini bildirirlər.
Əgər müraciətdə yer alan iddialar öz təsdiqini tapsa, bu, təkcə ayrı-ayrı ağacların qanunsuz kəsilməsi deyil, bütövlükdə ekoloji təhlükəsizlik, biomüxtəlifliyin qorunması və dövlət meşə fondunun mühafizəsi baxımından ciddi hüquqi qiymət tələb edən məsələdir. Azərbaycan qanunvericiliyi meşələrin qanunsuz qırılmasına və təbii sərvətlərə vurulan ziyana görə inzibati, bəzi hallarda isə cinayət məsuliyyəti nəzərdə tutur.
Digər tərəfdən, hüquqi dövlət prinsiplərinə uyğun olaraq, hər bir şəxs barəsində irəli sürülən ittihamlar yalnız səlahiyyətli dövlət orqanlarının apardığı araşdırma nəticəsində təsdiq olunduğu halda hüquqi nəticə doğura bilər. Bu baxımdan müraciətdə səsləndirilən məlumatlar hazırda şikayətçilərin iddiaları kimi qiymətləndirilməlidir.
Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələni operativ şəkildə araşdıracaq, təqdim olunduğu bildirilən koordinatlar əsasında əraziyə baxış keçiriləcək, qanunsuzluq aşkarlanacağı təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək, əks halda isə ictimaiyyətə rəsmi izahat veriləcək.
Qaynarxett.az olaraq qeyd edirik ki, bu yazıda yer alan məlumatlar redaksiyaya daxil olmuş müraciət əsasında hazırlanıb. Redaksiya qarşı tərəfin – adı çəkilən meşə gözətçisi Anar Məmmədovun, 11 saylı Regional Meşə İdarəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi mövqeyini də dərc etməyə hazırdır.
Çünki ictimai maraq doğuran belə məsələlərdə ən doğru yol bütün tərəflərin mövqeyinin dinlənilməsi və həqiqətin obyektiv araşdırma nəticəsində üzə çıxarılmasıdır.










